"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandasının iştirak etdiyi Stefano Qusella xatirə turnirinə yekun vurulub. Fvanat.az xəbər verir ki, İtaliyanın Turin şəhərində təşkil olunan turnirin yekun mərhələsində "qırmızı-qaralar" 17-20-ci yerlər uğrunda mübarizə aparıb.
Bu mərhələdə 2 oyun keçirən Hüseynqulu Quliyevin yetirmələri ilk olaraq "Latsio" (İtaliya) ilə qarşılaşıb. Matç italiyalıların 2:0 hesablı qələbəsi ilə bitib. Digər qarşılaşmada "Qəbələ" Çexiya "Sparta"sı ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini bütün komponentlərdə üstələyən "qırmızı-qaralar" Praqa təmsilçisinə 3 cavabsız qolla qalib gəlib və yekun olaraq turnirin 19-cu pilləsində qərarlaşıb. "Qəbələ"yə qələbə gətirən qollara Əli Məzahirli, Nəsib Ələkbərov və Elvin İmanlı imza atıb.
Qeyd edək ki, 48 komandanın iştirakı ilə baş tutan turnirin qalibi "Roma" olub. Romalılar finalda "Torino"nu (Turin, İtaliya) məğlub etməyi bacarıblar.
Fanat.az