"Qəbələ" Kiyev "Dinamo"sunu yenib yarımfinala çıxdı

"Qəbələ" Kiyev "Dinamo"sunu yenib yarımfinala çıxdı
"Qəbələ"nin 15 yaşadək futbolçulardan ibarət komandası Ukraynada keçirilən Prezident Kubokunda çıxışını davam etdirir. Fanat.az xəbər verir ki, bu gün "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirin B qrupunun matçlarına yekun vurulub. 
Dördlüyün son - üçüncü oyununda "Qəbələ" Kiyev "Dinamo"su ilə qarşılaşıb. Startdan finaladək üstün oyun nümayiş etdirən təmsilçimiz rəqibinə heç bir şans verməyib - 2:0. Matçda hesabı Fərid Nəbiyev açıb. Dəqiq zərbə ilə toru silkələyən hücumçu aktivindəki qolların sayını 3-ə çatdırıb. Qarşılaşmanın hesabını müəyyənləşdirən qol isə Əli Sadıqovun ayağına yazılıb. 
Öncəki iki matçı bir məğlubiyyət ("Çernomorets", 2:4) və bir qələbə ("Real-Sukçes" (Moldova), 2:1) ilə bitirən "Qəbələ" bu nəticədən sonra qrup mərhələsini 6 xalla ilk pillədə tamamlayıb və yarımfinala adlayıb. "Çernomorets" 5 xalla ikinci, "Real-Sukçes" 4 xalla üçüncü, "Dinamo" isə 1 xalla sonuncu olub. 
Xatırladaq ki, təmsilçimiz yarımfinal mərhələsində A qrupunda ikinci pilləni tutan komanda ilə qarşılaşacaq. Matç oktyabrın 3-ü Bakı vaxtı ilə saat 17.00-da start götürəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər