"Qəbələ" tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, Yuri Syominin başçılıq etdiyi komanda buna Premyer Liqanın XXXIV turunda nail olub.
"Bakı"nı 3:1 hesabı ilə yenən "Qəbələ" 5-ci pillədə qərarlaşan bu rəqibi ilə xal fərqini 6-ya çatdırıb. Bölgə klubu son 2 turda məğlub olsa və paytaxt təmsilçisi qələbə qazansa, xallar bərabərləşəcək. Şəxsi oyunlarda "Qəbələ" rəqibindən üstün olduğundan mövsümü ən azı 4-cü pillədə başa vuracaq.
Qeyd edək ki, "Qəbələ" kubokun finalında "Neftçi" ilə qarşılaşacaq. Bölgə klubu bu oyunda qələbə qazansa, Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Əks halda I təsnifat mərhələsində oynamalı olacaq.
Onu da qeyd edək ki, bundan əvvəl "Qarabağ"la "İnter" avrokuboklara vəsiqəni təmin edib. 4-cü vəsiqəyə "Neftçi" iddia edir. Kubokun finalına çıxan "ağ-qaralar" çempionatda 4-cü pilləni tutur və 5-ci yerdəki "Bakı"nı 4 xal qabaqlayır.
Fanat.az