"Prosineçkinin yerinə olsam, AFFA ilə danışıqlar masasına belə əyləşmərəm"

"Prosineçkinin yerinə olsam, AFFA ilə danışıqlar masasına belə əyləşmərəm"

"Mən Robert Prosineçkinin yerinə olsam, AFFA ilə müqaviləni nəinki uzadar, danışıqlar masası arxasına belə əyləşmərəm". Fanat.Az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında xorvatiyalı mütəxəssisin meneceri Yaşar Çalışır deyib.

AFFA bugünlərdə "Bursaspor"un təklifini geri çevirib, balkanlı çalışdırıcının millimizi tərk etməsinə icazə vermədi. Dekabrın 21-də Hamza Hamzaoğlu ilə yollarını ayıran Türkiyə klubu gözünü Prosineçkiyə dikdi. Ardınca Bakıya elçi dəstəsi göndərdilər.

 

Klubun İdarə Heyətinin üzvü Yüksəl Çolak və meneceri Hüseyin Gedik 3 gün paytaxtımızda qonaqladı. Çox cəhd göstərdilər, federasiya mənsublarının qəbuluna düşməyə çalışdılar, sonda bütün səyləri boşa getdi. Prosineçki təklifə isti yanaşsa da, aidiyyatlı qurum bütün qapı-pəncərələrini türklərin üzünə bağladı.

 

Bakıdan tədirgin ayrılan Y.Çalışır müvəkkilinə görə yaranmış vəziyyətə təəssüfləndiyini bildirib: "Onun AFFA ilə müqaviləsi bu ilin sonunda başa çatacaq. Prosineçki ilə söhbətddən anladım ki, federasiya 3 illik fəaliyyətindən çox razıdı və daha bir neçə il Azərbaycanda qalmasını istəyir.

 

AFFA Robertin eyni vaxtda iki yerdə çalışmasını məqbul hesab etməməklə, məncə, əməkdaşlığın müddətini uzatmaq perspektivini böyük sual altına aldı. Prosineçkiyə qarşı peşəkarlıq meyarlarından çıxış etdilər. Bu işin bir də duyğu yanı var. AFFA Prosineçkinin onları insani cəhətdən dəyərləndirməsini görməzdən gəldi.

 

Prosineçki federasiyanı qırmaq istəmədi, yoxsa getməyə təkid edərdi. Mən bilmirəm o, bu dəqiqə nə fikirləşir. Hər halda əhvalının korlandığını düşünürəm. İlin sonunadək hansı proseslərin, dəyişiklərin olacağını söyləmək mənə düşməz. Proqnoz verə bilmərəm. Prosineçki Bakıda sakitdi. Ancaq içindən keçirdi ki, milli ilə yanaşı, "Bursaspor"u da çalışdırsın".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər