Premyer Liqanın ilk 4 turunda maksimum nəticə müəyyənləşdirən “Qarabağ”ın sonrakı 4 matçda qələbəyə həsrət qalması suallara meydan verir. Klubun baş direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb həm Ağdam klubu, həm də gündəmdə olan başqa məsələlər ətrafında söhbətləşdik.
- “Qarabağ”ın geridə qalan 8 tur ərzində sərgilədiyi futbol, komandanın nəticələri, turnir cədvəlindəki mövqeyi sizi qane edir?
- Oyun planında məşqçilər korpusu da komandanın çıxışından narazı deyil. Yəni ciddi çatışmazlıq yoxdu. Düzdü, son 4 oyunda qələbə qazana bilməmişik. Ancaq bunu da “qara zolaq” adlandırmaq mübahisəlidi. AZAL-a yenilgi öz yerində, sonrakı xal itkiləri ardıcıl bərabərliklərlə gerçəkləşib.
- Yaxşı, qələbəsizlik seriyasının səbəbi nədi?
- Məğlubiyyətləri sıralasaydıq, köklü səbəbləri araşdırmağa çalışardıq. Təbii, istənilən mühitdə nəsə çatmayanda işlər maksimum səviyyədə getmir. Tutaq ki, qol vəziyyətlərinin reallaşdırılması baxımından son oyunlarda “axsamışıq”. Baş məşqçimiz bunu bilir və özü üçün çıxarışlar edib. Biz isə öz növbəmizdə çalışdırıcıya əlimizdən gələn köməyi göstərməyə hazırıq.
- Sizə elə gəlmirmi ki, “Qarabağ”ın legionerlərində Avroliqada göstərdiyi oyunu çempionatda sərgiləmək üçün motivasiya çatmır?
- İstənilən halda, 30 min tərəfdarın dəstəyi altında top qovmaqla, 300-500 azarkeş önündə top qovmaq eyni ola bilməz. Bununla belə, çempionat oyunları da yetərincə maraqlı keçir və komandanı dəstəkləməyə gələn tərəfdarlar dəstəyini əsirgəmir. Olduqca fədakar azarkeş toplumuz var. Onların zəhmətini yerə vurmaq olmaz. Şübhəsiz, xal itkiləri ürəyimizcə deyil. Amma hər şeyin yeni başladığını nəzərə alsaq, liderdən 1 xal geri qaldığımızı xatırlasaq, nikbinliyə əsas var.
- Futbolçularla bu yöndə söhbət etmisiz?
- Həmişə maraqlanırıq. İstər kollektiv, istərsə də fərdi şəkildə tez-tez görüşürük. Nədənsə şikayətçi olan yoxdu. Növbəti turlarda tərəfdarlarımızı zəfərlərlə sevindirəcəyimizə inanıram. Komandanın potensialı böyükdü.
- Ağdam komandası millinin hər toplanışından sonra eniş yaşayır. Berti Foqts yığmanın Şimali İrlandiya və Rusiya ilə keçirəcəyi oyunlarla hazırlıq məqsədi ilə milli üzvlərini oktyabrın 5-dən 15-dək toplanışa cəlb edəcək. Qurban Qurbanovun 5 yetirməsinin almanın sərəncamında olacağı da dəqiqdi. Belədə, qələbəsizlik seriyasına son qoymaq çətin olmayacaq?
- Razıyam. Statistikaya baxsaq, yığmanın toplanışları “Qarabağ”ın nəticələrinə təsirsiz ötüşməyib. Milliyə oyunçu göndərməyə, futbolçularımızı yığmaya deyilən vaxtda göndərməyə bilmərik. Burda mənəvi məsələlər ön plana çıxır. Çətinlik yaratsa da, ölkənin adından oynayan komandanın uğur qazanması hamımızın arzusudu.
- Olmazmı ki, qaydaları əsas gətirib rəsmi matçlara 3 gün qalmış göndərəsiz? Məsələn, “Rubin” Ruslan Abışovu əsas heyətdə oynatmadığı halda, vaxtından əvvəl buraxmır.
- “Rubin” yığmaya 1 futbolçu verirsə, bizdən müntəzəm olaraq 5-6 oyunçu çağırılır. Rusiya təmsilçisini Azərbaycan millisinin taleyi maraqlandırmaya bilər. “Qarabağ” belə bəyanatla çıxış etsə, mümkün uğurzuluqlara şərik çıxmış sayılar. Milliyə güzəşt etməliyik. Söylədiyim ki, mənəvi borc amili var. Milli Foqtsa tapşırılıbsa, ona güvəniblərsə, biz də reallıqla hesablaşmalıyıq.
- “Köhlən atlar”ın əvəzidici komandasında 2 legionerin yer alması (Gökhan Aras yarımmüdafiəçi, Halit Çitırkı qapıçıdı) nəyə hesablanıb? Hansı məqsədlə gətirmisiz?
- Gənc, perspektiv vəd edən oyunçulardı. Gələcəkdə əsas komandaya keçə və ya başqa klublara satıla bilərlər.
- Riçard Almeydanın Flavinyonun vasitəçiliyi ilə “Neftçi”yə keçəcəyi ilə bağlı söz-söhbət gəzir. Almeydadan bununla bağlı nəsə soruşmusuz?
- Yox. “Neftçi” peşəkar klubdu və hansısa oyunçunun vasitəçiliyi ilə Almeydanı ələ keçirmək istədiklərinə inanmırıq. Şayələrdən sonra “Neftçi” rəhbərliyindən bizə zəng gəldi və informasiyanın yalan olduğu bildirildi.
- Hesabat turunda baş tutan “Neftçi” – “Qarabağ” oyununa verolən “Avropa derbisi” adıyla razısız?
- Bəli. Qapılara top vurulmasa da, qitəmiqyaslı oyunlardakı gərginlik meydanda idi. Maraqlı görüş alındı.
- Ultramehribanlıq ab-havası derbi sözü ilə bir araya gəlir?
- Azarkeşlərin bir-birini təhqir etməsi, dava-dalaş salması şərtdisə, gəlmir. Sadəcə, “feyr-pley” qaydalarına riayət olunurdu. Hətta rəqib futbolçulardan biri yerdə qalanda (Bruno Bertuççi – N.) “Qarabağ”ın həkimi ona ilkin yardım göstərdi. Məncə, tribunalardakı fanatların öz komandasını dəstəkləməklə kifayətlənməsi yaxşı haldı. Meydanda isə gərgin və sərt mübarizəyə baxdıq. Matç heç-heçə bitsə də, oyunun səviyyəsi yüksək idi.
- Hakimlikdən uzaqlaşdırılmış Babək Quliyevin haqqınızda dediyindən xəbəriniz var?
- Bəli, oxumuşam ( Sabiq hakim “Çəlikəl Ramin Musayevin vasitəsi ilə jurnalistlərin ağzını bağlayır, məndən müsahibə götürmürlər” fikrini səsləndirib – N.).
- Niyə belə deyib?
- Hərənin öz səviyyəsi var. Mən Quliyevin söylədiklərini cavabsız buraxmağı üstün tuturam. Əlbəttə ki, hamı haqqımızda xoş söz deməli deyil.
- Suraxanıdakı bazanın tikintisi nə yerdədi?
- Hazırda otel binası tikilir. İşlərin 80 faizi görülüb. Təbii örtüklü meydança da salınacaq.
- İşlər nə vaxt yekunlaşdırılacaq?
- Bu sürətlə getsə, mövsümün sonuna hazır olar.
NİHAT, Futbol+