"Sabahkı oyunu Prosineçki və Kovaç dueli kimi qələmə vermək olmaz. Biz birgə oynamışıq və indi baş məşqçiyik. Meydanda 11 xorvat və 11 azərbaycanlı olacaq". Fanat.az xəbər verir ki, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç deyib.
Rəqib çalışdırıcı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sabah millimizlə keçiriləcək qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında matçla bağlı danışıb: "Mən həmişə optimist olmuşam. Sabahkı oyunun nəticəsindən çox şey asılıdı. Sabah qələbə qazansaq, növbəti matçda final mərhələsinə vəsiqə qazana bilərik. Biz görüşün favoritiyik. Meydançaya qələbə üçün çıxacağıq".
Niko Kovaç bildirib ki, Robert Prosineçkinin Azərbaycana gəlişindən sonra yığmada dəyişikliklər olub: "Müdafiədə daha nizamlı, sıx oynayırlar. Hücum qurulan zaman pərakəndə şəkildə top vurulmur və arxadan qısa ötürmələrlə hücum qurulur. Sabahkı oyun bizim üçün çətin olacaq. Çünki Azərbaycan son iki oyunda yaxşı çıxış edib və komandanın özünə inamı qayıdıb. Baxmayaraq ki, Azərbaycan milli komandası zəif rəqib deyil, amma hər şey bizim necə çıxışımızdan asılı olacaq".
Fanat.az