Valentin Xristov Tiflisdə keçirilən Avropa çempionatında qızıl medala sahib çıxıb. Fanat.az xəbər verir ki, Azərbaycan ağırlıqqaldıranı 62 kiloqram çəki dərəcəsində A qrupunda mübarizə aparıb.
O, birdən qaldırmada əvvəlcə 133, sonra isə 135 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq turnir cədvəlinə başçılıq edib. Atletimiz təkanla qaldırmada ilk cəhddə 160 kiloqramın öhdəsindən də asanlıqla gəlib. Bu çəki onun üçün həlledici olub.
Valentin Xristov həm birdən qaldırma, həm də təkanla qaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Valentin Xristov qələbə sevincini AzərTAc-la bölüşüb: "Avropa çempionu olmaq mənim çoxdankı arzum idi. Bu gün Azərbaycan bayrağını qaldırmaqla mən bu arzuma çatdım. Lakin işimiz bununla yekunlaşmır. Bizi qarşıda daha böyük və çətin sınaq gözləyir. Təqribən 6 aydan sonra Hyustonda ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək. İndi əsas məqsədimiz həmin çempionatda uğurla çıxış edərək, dünya çempionu adını qazanmaqdı. İnanıram ki, biz buna da nail olacağıq”.
Fanat.az