"Amerikada yaşasam da, ürəyim hər zaman Azərbaycanla döyünür. Ölkəmizin uğurlarına sevinirəm. İdmançılarımız qələbə qazananda, ölkəmizin xoş xəbərini eşidəndə burada fəxrlə danışıram. Hazırda Florida ştatında yaşayıram. Azərbaycandan köçsəm də, boks fəaliyyətimi burada da davam etdirirəm. Döyüşlərdə Azərbaycan bayrağına sarılıb, qələbə qazanmağa çalışıram".
Fanat.az xəbər verir ki, bu sözləri əfsanəvi boksçu Mayk Taysonun azərbaycanlı tələbəsi və dostu, peşəkar boksçu Fərid Ağayev deyib.
1988-ci il fevralın 5-də Bakıda anadan olan Fərid Ağayev uzun illərdi Amerikada yaşayır. O, Taysonla münasibətlərindən danışıb: "Mayk Taysonun tələbəsi olmaq mənim üçün qürurdu. Onunla çox yaxın münasibətlərimiz var. Səmimi görüşlərimizdə ona Azərbaycandan danışıram. Fikir mübadiləsi aparırıq. Tayson Avropa Oyunları zamanı Bakıya gəlmək istəyirdi. Müəyyən səbəblərdən səfər təxirə düşdü. Amma, qismət olsa, bir gün Taysonla Bakıya gələcəyik. O, Bakını görmək, Azərbaycanı gəzmək istəyir. Mayk Taysonun müsəlmanlara böyük hörməti var. O, bilir ki, Azərbaycan müsəlman ölkəsidi".
"Təbii ki, hər bir idmançı kimi, mənim də özümə rəqib bildiyim idmançılar var. Hazırda onların kim olduqlarını qeyd etmək istəmirəm. Lakin qarşıda həmin şəxslə döyüşümüz gözlənilir. Mənim uğurum rinqdəki qələbəmdi. Bunun üçün ilk növbədə insanın özünə güvəni olmalıdı. Mütəmadi məşqlərə getmək, düzgün və sağlam qidalanmaq, kifayət qədər istirahət etmək lazımdı. Qeyd etdiklərimi proqramlaşdırılmış və düzgün qaydada yerinə yetirə bilsək, uğur qazana bilərik. Yanvar ayının 31-də növbəti döyüşüm olacaq. Hazırda həmin döyüşə hazırlaşıram. Fevralda isə döyüşüm gözlənilir" deyə Fərid Ağayev bildirib.(azvision.az)



Fanat.az