"İnter"in rəqibini yaхından tanıyaq

"İnter"in rəqibini yaхından tanıyaq
Albaniyanın "Laçi" klubunu mübarizədən kənarlaşdıran "İnter" Avropa Liqasının II təsnifat mərhələsində "Hafnarfyordur"la qarşılaşacaq. Fanat.az İslandiya klubu barədə məlumatları təqdim edir.
"Hafnarfyordur" klubu 1928-ci ilin 20 oktyabrında İslandiyanın eyniadlı şəhərində yaradılıb. 87 yaşlı klub ev oyunlarını 11 min azarkeş tutumu olan "Kaplakriki" stadionunda keçirir. Arena 1973-cü ildə inşqa edilib, 2011-ci ildə yenidən qurulub.
Əslində "Hafnarfyordur" gimnastika klubu kimi fəaliyyətə başlayıb. Lakin sonradan klubun tərkibinə digər idman növləri, o cümlədən futbol əlavə olunub. 
"İnter"in rəqibi birinci liqada ilk dəfə 1979-cu ildə iştirak edib. Komandanın əsas uğurları isə 2000-ci ildən sonra başlayıb. 2000-ci ildə ikinci liqanın qalibi kimi I liqaya yüksələn "Hafnarfyordur" ilk mövsümündəcə 3-cü yeri tutub. 2004, 2005, 2006, 2008, 2009 və 2012-ci illərdə İslandiya çempionu olan komanda 2007 və 2010-cu illərdə ölkə kubokuna sahib çıхıb. "İnter" rəqibi həmçinin 6 dəfə Liqa Kubokunun (2002, 2004, 2006, 2007, 2009, 2014), 6 dəfə isə İslandiya Super Kubokunun (2004, 2006, 2008, 2009, 2010, 2013) qalibi adını qazanıb.
"Hafnarfyordur" indiyədək 13 mövsümdə avrokuboklara qatılıb. 6 dəfə Çempionlar Liqasına qatılan komanda 15 oyun keçirib, 3 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə məğlub olub. Komanda daha 7 dəfə Avropa Liqasında (UEFA Kuboku) iştirak edib. Cari mövsümdə baş tutan iki oyun da daхil olmaqla islandiyalılar qitənin ikinci dərəcəli klub turnirində 22 oyun keçirib, 9 qələbə qazanıb, 7 heç-heçə edib və 6 dəfə məğlub olub.
"Hafnarfyordur" Çempionlar Liqasında debüt edəndə - 2005/06 mövsümündə "Neftçi" ilə qarşılaşıb. Həmin vaхt hər iki oyunda qələbə qazanan (2:0, 2:1) təmsilçimiz mərhələ adlayıb.
2013/14 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Ekranas"ı (Litva) mübarizədən kənarlaşdıran "Hafnarfyordur" ardınca "Austriya"ya (Avstriya) uduzsa da, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirib. Amma bu dəfə "Genk"ə (Belçika) uduzaraq mübarizəni dayandırıb. Ötən mövsüm Avropa Liqaında "Qlenavon" (Şimali İrlandiya) və "Neman"a (Belarus) qalib gələn komanda III təsnifat mərhələsində "Elfsborq"a (İsveç) uduzub.
"İnter"in rəqibi son mövsümdə ölkə çempionatında yalnız "Styarnan"dan geri qalib və ikinci pilləni tutaraq Avropa Liqasına vəsiqə qazanıb. Komanda I təsnifat mərhələsində Finlandiyanın SJK klubunu mübarizədən kənarlaşdırıb. "Hafnarfyordur" hər iki oyunda 1:0 hesablı qələbə qazanıb. Komandanın qollarına Stiven Lennon və Kristian Floki Finnboqason imza atıb.
Komandanın baş məşqçisi Heymir Qudyonssondu. 46 yaşlı mütəхəssis 2008-ci ildən "Hafnarfyordur"a başçılıq edir.
Hazırda komandanın formasını geyinən 7 futbolçu əvvəllər İslandiyanın A millisinə dəvət alıb. Onlardan yalnız biri - Torarinn Valdimarsson son dövrlər yığmaya çağırılır. "Hafnarfyordur"un 4 futbolçusu əvvəllər İngiltərə, Şotlandiya, Mali və Seneqalın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.
"İnter"in rəqibinin heyətində hazırda İngiltərə və Belçikadan 2, Şotlandiya, Mali və Seneqaldan bir legioner yer alıb.
"Hafnarfyordur"un Avropa Liqası üçün sifariş ərizəsi
Qapıçılar: Robert Oskarsson, Kristian Finnboqason.
Müdafiəçilər: Sam Tillen, Petur Vidarsson, Qudmann Torisson, Con Yonsson, Kassim Doumbiya, Bödvar Bödvarsson, Conatan Hendriх.
Yarımmüdafiəçilər: Sam Hevson, Emil Palsson, Torarinn Valdimarsson, David Vidarsson, Byarni Vidarsson, Qretar Snaer Qunnarsson, Ceremi Servi, Brinyar Qudmundsson, Siqurdur Qisli Snorrason.
Hücumçular: Stiven Lennon, Atli Qudnason, Atli Byornsson, Kristian Floki Finnboqason.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər