Bakı "İnter"inin oyunu şübhəli matçlar sırasına düşüb. Fanat.az xəbər verir ki, bu barədə Almaniyanın "Sportbild" jurnalı məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA, "Sportradar" nəzarət sistemi və Almaniya Futbol Liqasının (DFL) apardığı analizlər nəticəsində Antalyada keçirilən "Paderborn" - "Rubin" (2:1) və "Arminya" - "İnter" (2:2) matçları bir mərc şirkəti tərəfindən qumara qoyub. Adları açıqlanmayan, sadəcə, B.B, B.K və D.Ç olaraq təqdim edilən türk hakimlər isə matçların nəticəsini istədiyi kimi müəyyənləşdirib.
"Sportbild"in məlumatında bildirilir ki, "Paderborn" - "Rubin" matçının 85-ci dəqiqəsində oyunda daha bir qol vurulacağı barədə məlumat alan şəxslər böyük məbləğdə pul qoyuluşu edib. Qarşılaşmanın 89-cu dəqiqəsində B.B "Rubin"in qapısına penalti təyin edib və "Paderborn" 2:1 hesablı qələbə qazanıb.
"Arminya" - "İnter" matçında isə 85-ci dəqiqədə qol vurulacağı ilə bağlı proqnoza böyük məbləğdə pul qoyuluşu edilib. Həmin dəqiqədə "İnter"in oyunçularından biri cərimə meydançasında toplaşmış suya yıxılıb və hakim B.B "Arminya"nın qapısına penalti təyin edib.
Qeyd edək ki, "Arminya" - "İnter" oyunu yanvarın 25-də keçirilib. 2:2 hesabı ilə başa çatan qarşılaşmada "bankirlər"in ilk qolunu Vaqif Cavadov vurub. İkinci qola isə 87-ci dəqiqədə məhz penaltidən Baçana Tsxadadze imza atıb.
Fanat.az