Avropa Liqasının ikinci təsnifat mərhələsinin ötən gecə baş tutan ilk oyunları Azərbaycanın UEFA-nın əmsallar cədvəlindəki mövqeyinə təsir göstərməyib. Fanat.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki yerində qalıb.
Belə ki, Avroliqada mübarizə aparan ölkə kubokunun qalibi "Neftçi" “Bakcell Arena”da Sloveniya "Koper"inə 1:2 hesabıyla uduzub. "İnter" isə uğurlu çıxışını davam etdirərək səfərdə İsveç "Elfsborq"unu 1:0 hesabıyla yenib. Paytaxt klubunun bu qələbəsi ölkəmizin əmsal ehtiyatını yaxşılaşdırıb. "İnter" Azərbaycanın adının önünə daha 0.250 əmsal yazdırmağı bacarıb.
Hazırda sözügedən siyahıda 54 ölkə arasında 30-cu pillədəyik. Azərbaycanın hesabında 9,875 var ki, onun da 1,000 əmsalı cari mövsümdə yığılıb. Bunun 0.750-si "İnter", 0,250-si isə "Qarabağ"ın sayəsində əldə olunub. Qeyd edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 qazandırır. Heç-heçə isə 0,125 gətirir. Qrup mərhələsində bərabərlik 0,250, qələbə 0,500 əmsalla qiymətləndirilir.
Fanat.az