"İnter"dən Azərbaycana "İNTEResni" baxış

"İnter"dən Azərbaycana "İNTEResni" baxış

Təxminən 10 gün əvvəl Bakı "İnter"inin Müşahidə Şurasının sədri Yohann Enqbrextin sosial mediada paylaşdığı foto gündəmə gəlmiş və müzakirə mövzusuna çevirilmişdi. Hər bir insan ölkənin istənilən yerində şəkil çəkə və sosial media hesabında paylaşa bilər. Bu hər kəs kimi Yohann Enqbrextin də haqqıdı. Amma...

Sizcə, cənab Yohann Enqbrext arxa fonda qoyun sürüsünün göründüyü fotoya "Çox adam soruşur ki, mən Azərbaycanı niyə sevirəm?" sözlərini yazmaqla nə demək istəyib? Uzun-uzadı düşünməyə ehtiyac yoxdu. Azərbaycanın çörəyini yeyən, pul qazanan alman Azərbaycanı məhz qoyunlara görə sevdiyini demək istəyir. Bunun başqa adı yoxdu. Çünki fotonun fonunda nə Azərbaycanın hansısa dilbər güşəsi görünür, nə də hansısa möhtəşəm bir tikili. Şoran basmış çöl və qoyunlar...

Deyəcəksiz ki, bu hadisə təxminən 10 gün əvvəl olub və niyə məhz indi danışırsız? Həmin vaxt səbr etmək qərarına gəldik. Düşündük ki, Beynəlxalq Bankın rəhbərliyi bu məsələyə reaksiya verəcək, hər ay minlərlə manat maaş verdiyi almana yerini göstərəcək. Amma Beynəlxalq Bank rəhbərliyi nə almandan hesab istədi, nə də olayla bağlı hər hansı bir açıqlama verdi. Heç vaxtı ilə Cahangir Hacıyevin əsas adamlarından olmuş, Beynəlxalq Bankdakı sonradan qalmaqala çevirilən bir çox qanunsuz əməliyyatların altında imzası olan klubun prezidenti Rəşad Qasımov da bu barədə danışmaq zəhmətinə qatlaşmadı. Nə bu hərəkətə görə Yohann Enqbrexti qınadı, nə də müdafiə etdi.

Cahangir Hacıyevin illərlə Azərbaycan futbolunun boğazına yapışdırdığı Georgi Nikolov yola salınanda düşünmüşdük ki, artıq "İnter" hər birimiz üçün doğmalaşacaq, daha bu klubda azərbaycanlılara yad gözlə baxmaycaqlar, Azərbaycan dilində danışanlara "çuşka" deməyəcəklər. "İnter" nəhayət Azərbaycan klubuna çeviriləcək, hər birimiz onu özümüzünkü hesab edəcəyik. Amma görünür yanılmışıq. "İnter" təməl prinsiplərinə sadiq qalır. Bu klub Azərbaycan futbolunu inkişaf etdirməyə yox, Azərbaycanı və azərbaycanlıları ələ salmağa xidmət edir. Təəssüf ki, adı qalmaqallara qarışan, ölkənin milyardlarını havaya sovuran Beynəlxalq Bank və onun rəhbərliyi bu əməllərin sahiblərini maliyyələşdirməkdə davam edir. Görünür ki, Cahangir Hacıyevin gedişi ölkənin ən böyük bankında heç nəyi dəyişməyib. Dəyişən sadəcə adlar olub, mahiyyət isə eynidi...

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər