"İnter"in Avstriyanın Lutzmannsburq qəsəbəsində təlim-məşq toplanışı davam edir. Fanat.az xəbər verir ki, "bankirlər" ötən gecə növbəti sınaq matçına çıxıb.
Paytaxt klubu yerli "Şturm" (Qrats) komandası ilə qarşılaşıb. "İnter"in yoxlama oyunlarındakı ikinci rəqibi ölkəsinin Bundesliqasında mübarizə aparır. Sloveniyalı mütəxəssis Darko Milaniçin baş məşqçisi olduğu komanda ötən mövsümü 5-ci pillədə başa vurub və ölkə kubokunun yarımfinalına kimi irəliləyib.
"İnter" bu rəqibi ilə oyuna bu start heyəti ilə çıxıb: Georgi Lomaya, Arif Daşdəmirov, Yohan Bokonyano, Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Slavko Georgievski, Derlis Meza Kolli, Asif Məmmədov, Elvin Məmmədov, Baçana Tsxadadze, Matiya Şpiçiç.
Qarşılaşma 3:2 hesabıyla "İnter"in xeyrinə başa çatıb. Birinci və üçüncü qolu müvafiq olaraq Aleksandr Amisulaşvili ilə Yohan Bokonyano vurub. İkinci qol isə rəqib futbolçunun avtoqolu sayəsində qeydə alınıb.
Qeyd edək ki, "İnter" Avstriyadakı ilk matçında digər yerli klub "Buxşaxen"i darmadağın etmişdi.
Fanat.az