"İnter" və AFFA-nın təşkilatçılığı ilə Bakıda təşkil olunan İBA Cup (U-14) beynəlxalq futbol turniri davam edir. Fanat.az xəbər verir ki, bu gün turnirdə final mərhələsinin iki oyunu keçirilib.
Turnirə ev sahibliyi edən "İnter" beşinci yer uğrunda mübarizə aparıb. Qrupunda üçüncü olmuş "bankirlər" həlledici oyununda "Dinamo" ilə qarşılaşıb. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyindən penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan qonşu ölkə təmsilçisi beşinci yeri tutub.
Günün digər oyununda isə 7-ci yer uğrunda oyunda "Rubin" və "Karpatı" klublarıüz-üzə gəlməliydi. Amma sözügedən klubların nümayəndələri təşkilatçılardan bu oyunun keçirilməməsini xahiş ediblər. Nəticədə, bu qarşılaşma baş tutmayıb.
Qeyd edək ki, final mərhələsinin digər oyunları sabah keçiriləcək. 3-cü yer uğrunda oyunda İspaniyanın "Vilyarreal" və Serbiyanın "Partizan" klubları qarşılaşacaq. Final oyununda isə Türkiyənin "Beşiktaş" komandası Almaniya "Ayntraxt"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.
İBA Cup Final mərhələsi 19 iyun
7-ci yer uğrunda oyun Rubin (Rusiya) - Karpatı (Ukrayna) - baş tutmayıb
5-ci yer uğrunda oyun İnter (Azərbaycan) - Dinamo (Gürcüstan) - 1:1 (penaltilər - 4:5)
Fanat.az