"İnter" heyətinə daha bir futbolçu qatıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, Bakı klubu Aleksandr Amisulaşvili ilə müqavilə bağlayıb. Gürcü futbolçu bir il "İnter"in formasını geyinəcək. Dünən axşam Avstriyaya gələn Aleksandr bu gün səhər keçirilən məşqdə heyətə təqdim olunub.
Qeyd edək ki, Amisulaşvilinin son klubu "Kırılya Sovetov" olub. 2013-cü ilin qışında bu komandaya keçən mərkəz müdafiəçisi 42 oyunda 1 qol vurub. Gürcü futbolçu karyerası ərzində "Dinamo" (Tiflis), "Kaxeti", "Torpedo", "İberiya" (hamısı Gürcüstan), "Dinamo II" (Kiyev), "Dnepr", "Tavriya" (hamısı Ukrayna), "Şinnik", "Spartak" (Nalçik), "Krasnodar" (hamısı Rusiya) və "Kayserispor"da (Türkiyə) klublarında çıxış eidb.
Gürcüstanın U-19 və U-21 yığmalarında forma geyinmiş Aleksandr 2002-ci ildən A milliyə dəvət olunub. O, yığmada keçirdiyi 29 oyunda 3 qola imza atıb. Amisulaşvili 2003-cü ildə "Dinamo" ilə Gürcüstan çempionu olub. "Transfermarkt" ona 1,8 milyon avro qiyiət qoyub.
Fanat.az