"İnter" - "Xəzər Lənkəran" matçında meydan sahiblərinin baş məşqçisi Kaxaber Tsxadadzenin etdiyi jest KİV tərəfindən kəskin etirazla qarşılanıb. Fanat.az xəbər verir ki, "İnter" öz internet səhifəsində məsələyə dair bəyanat yayıb.
Həmin bəyanatı olduğu kimi təqdim edirik.
“İnter”PİK-in rəhbərliyi bir sıra Kütləvi İnformasiya Vasitələrinin Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilən “İnter”-Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisəyə münasibətini birmənalı qarşılamır.
Klub rəhbərliyi tənqidə açıq olduğunu vurğulamaqla yanaşı bildirir ki, “İnter” komandasının baş məşqçisi Kaxaber Tsxadadze barədə futbol ictmaiyyətinə təqdim olunan materiallar obyektiv dəlil və faktlara əsaslanmalıdır. “İnter” PİK-in rəhbərliyi müvafiq futbol qurumlarının hüquqi qiymət verməsinədək “İnter”-“Xəzər-Lənkəran” matçından sonra baş vermiş hadisə ilə bağlı məlumatlara yer ayrılmasını tələskənlik kimi qiymətləndirir.
Komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında "Xəzər-Lənkəran" komandasına böyük hörmətlə yanaşdığını və oyundan sonra rəqibə qarşı hər hansı bir hörmətsizliyə yol vermədiyini açıqladı. “İnter” klubu bir daha bəyan edir ki, bütün klublara hörmətlə yanaşır və K.Tsxadadze haqqında faktlara söykənməyən məlumatların informasiya məkanınında yayılmasını düzgün addım saymır.