"Bir çox təklif alsam da, "Qəbələ"dən ayrılmağı düşünməmişəm"

"Bir çox təklif alsam da, "Qəbələ"dən ayrılmağı düşünməmişəm"
2014-cü ilin ilk rəsmi oyunu - “Sumqayıt”la qarşılaşma Dodo üçün yubileylə əlamətdar olub. Fanat.az xəbər verir ki, "Qəbələ"nin braziliyalı futbolçusu Premyer Liqada 80-ci matçına çıxıb. Yubilyar bu göstəricidə daha öncə "Qəbələdə" top qovmuş yalnız 3 oyunçudan geri qalır: Pavel Doroşev - 90, Abdulkader Kamara - 83, Lyubo Baranin - 82.
Matç Dodo üçün həm də digər yeniliklə yadda qalıb. İkinci dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan cənubi amerikalı ilk dəfə Premyer Liqa oyununda bu vəzifəni icra edib. Bunadək braziliyalı yalnız kubok qarşılaşmasına kapitan kimi başlamışdı. 
Matçın ardından klubun rəsmi saytına fikirlərini bildirən braziliyalı uzun müddət "Qəbələ"nin formasını geyinməkdən şərəf duyduğunu, bu forma ilə uğurlara imza atmaq istədiyini bildirib: "Artıq 3-cü ildi ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 80 oyundan həzz almışam. Bu dövr ərzində bir çox təklif alsam da, "Qəbələ"dən ayrılmağı heç vaxt düşünməmişəm. Təəssüf ki, hələ komandamla yaddaqalan uğura imza atmamışam. Amma bu mövsüm uğura çox yaxınıq. İnanıram ki, cari futbol ilinin sonunda hədəflərimizə nail olacağıq. Mən də komandamla 100-cü, 200-cü, 300-cü oyunuma çıxacağam, yeni-yeni uğurlara imza atacağam".
Braziliyalı futbolçu kapitanlıq sarğısını daşımaq məsuliyyətini ona həvalə etdiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib: "Sumqayıt"la matçda meydançaya kapitan kimi çıxdım. Bu mənim üçün Premyer Liqada çox məsuliyyətli yenilik idi. Baş məşqçimizə kapitanlıq sarğısını daşımağı mənə həvalə etdiyinə görə təşəkkür edirəm. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün var gücümlə çalışacağam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər