"Bakı-2015": Cüdo yığmamızın fiaskosu davam edir - YENİLƏNİB

"Bakı-2015": Cüdo yığmamızın fiaskosu davam edir - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışları davam edir. Fanat.az хəbər verir ki, bu gün kişilər 3, qadınlar 2 çəki dərəcəsində yarışır.
Azərbaycanın kişi cüdoçuları 3 çəki dərəcəsində 4 idmançı ilə təmsil olunub. Medal ümidlərimiz Elхan Məmmədov və Elmar Qasımov, həmçinin Ramin Qurbanovla 1/8 finalda uduzaraq medalsız qalıb. Qadın cüdoçularımızdan isə biri mübarizəyə başlayıb. 78 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli debütdə uduzub
Qeyd edək ki, cüdoçularımız indiyədək cəmi bir medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov gümüş medala sahib çıхıb.
Cüdo
27 iyun
Kişilər
90 kq 
İlk mərhələdən azad olan Ramin Qurbanov mübarizəyə 1/16 finaldan qoşulub. Qurbanov, özü kimi, bu mərhələdən yarışa qatılan portuqaliyalı Çelio Diasla qarşılaşıb. Görüş həmyerlimizin inamlı qələbəsi ilə bitib. Qurbanov 70-ci saniyədə ipponla mərhələ adlayıb. O, 1/8 finalda Kriştian Totla (Macarıstan) mübarizə aparıb. Təəssüf ki, Ramin yarışı vaxtından əvvəl dayandırıb. Tot şido xalı ilə 1/4 finala yüksəlib.
100 kq
Bu çəki dərəcəsində iki medal ümidimiz mübarizə aparıb. Elхan Məmmədov mübarizəyə 1/16 final mərhələsindən başlayıb və Zlatko Kumriçi (Xorvatiya) sınağa çəkib. Məmmədov 145-ci saniyədə rəqibini ippona salıb. O, 1/8 finalda Lukas Krpaleklə (Çexiya) münasibətinə aydınlıq gətirib. Lakin Elxan bu dəfə ümidləri doğrultmayıb. O, ipponla uduzub.
Bayraqdarımız Elmar Qasımov isə 1/16 finalı azarkeş qismində keçirib və növbəti mərhələdə Jorje Fonseka (Portuqaliya) ilə üz-üzə gəlib. Lakin Azərbaycan millisinin lideri gözlənilmədən məğlubiyyətə üzülüb. O, qarşılaşmanın başa çatmasına 24 saniyə qalmış ippona düşüb.
+100 kq
Ölkəmizi təmsil edən Uşanqi Kokauri 1/16 finalda Matyaz Kerajı (Sloveniya) sınağa çəkib. Onun debütü uğurlu olub və 1/8 finala çıxıb. Cüdoçumuz 1/8 finalda gürcüstanlı Levani Matiaşvilini sınağa çəkib. Təəssüf ki, bu dəfə Kokaurinin özü ippona düşərək, Oyunlardakı çıxışını başa vurub. 
Qadınlar
78 kq
Millimizin üzvü Günel Həsənli 1/16 final mərhələsində dünya və Avropa çempionatlarında dəfələrlə iştirak etmiş Assunta Qaleone (İtaliya) ilə münasibətlərinə aydınlıq gətirib. Lakin onun debütü uğurlu alınmayıb. 92-ci dəqiqədə ippona düşən idmançı yarışa vaxtından əvvəl vida edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər