"Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarında yarımfinal mərhələsi davam edib, eyni zamanda, final görüşlərinə start verilib. Fanat.az xəbər verir ki, gün ərzində 10 çəkidə döyüşlər baş tutub.
Bu çəki dərəcələrinin 5-də finala vəsiqə qazananların adları bilinib. Yarımfinal görüşlərindən sonra 2 Azərbaycan boksçusu bu hüquqa yiyələndiyi halda, digər ikisi bürünc medalla kifayətlənib.
Günün uğuru final qarşılaşmasında gəlib. 81 kq çəki dərəcəsində rinqə çıxan Teymur Məmmədov inamlı qələbə sayəsində, boks yığmamıza ilk qızıl medalı qazandırıb.
Boks
Yarımfinal
52 kq
Elvin Məmişzadə finala vəsiqə uğrunda Hamza Toubanı (Almaniya) sınağa çəkib. Boksçumuz 3:0 hesablı qələbə (29:28, 29:28, 29:28) ilə finala çıxıb. Elvinin son rəqibi Vinçenza Pikardi (İtaliya) olacaq. Döyüş sabah keçiriləcək və saat 18.45-də başlayacaq.
64 kq
Üç inamlı qələbə sayəsində yarımfinala yüksələn Lorenzo Sotomayor bu mərhələdə Ukrayna təmsilçisinə rəqib olub. Viktor Petrovla qarşılaşan boksçumuz onu məğlub etməkdə ciddi çətinlik çəkməyib. Hər 3 raundu asanlıqla aktivinə yazan 3:0 (30:27; 30:27; 30:27) Sotomayor həlledici döyüşdə iştirak hüququ qazanıb. Kuba əsilli idmançımız finalda italiyalı Vinçenzo Manqiakapre ilə üz-üzə gələcək. Sabah baş tutacaq döyüş saat 19.15-də başlayacaq.
+91 kq
Avropa Oyunlarında qızıl medal qazanacağına ən çox ümid bəslənilən Məhəmmədrəsul Məcidov yarımfinalda özündən 7 yaş kiçik Qasan Gimbatovla (Rusiya) qarşılaşmalı olsa da, döyüş baş tutmayıb. İkiqat dünya və Avropa çempionumuz ağır zədə səbəbindən qarşılaşmaya çıxmayıb və bürünc medal alması rəsmiləşib. Gimbatov isə mübarizəsiz finala yüksəlib. Bu Azərbaycanın Avropa Oyunlarındakı 42-ci medalı olub.
Final
81 kq
İlk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandırıb. Yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərib. O, çempionluq döyüşünü də aktivinə yazmaqda ciddi müqavimətlə üzləşməyib. Manfredonianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınlar
Yarımfinal
54 kq
Qadın boksçularımızdan yalnız Anna Əlimərdanov rinqə çıxıb. O, yarımfinalda Yelena Saveleva (Rusiya) ilə görüşüb və 0:3 (36:40, 37:39, 36:40) hesabı ilə uduzub. Buna baxmayaraq Anna bürünc medalı təmin edib.
Fanat.az