Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondo yarışları başa çatıb. Fanat.az xəbər verir ki, yarışların son günü ağır çəkili taekvondoçular - kişilər +80, qadınlar +67 kq çəki dərəcəsində qalibi müəyyənləşdirib.
Azərbaycan millisi hər 2 çəki dərəcəsində təmsil olunub. Radik İsayev qızıl medala sahib çıхıb. Mariya Tedeyeva ilk görüşdə məğlub olaraq mübarizəni dayandırıb.
Beləliklə taekvondo yığmamız Avropa Oyunlarını 5 medalla başa vurub. Radikdən əvvəl Ayxan Tağızadə (68 kq) və Milad Beiqi Harçeqani (80 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (49 kq) bürünc medal qazanmışdı.
Taekvondo
Kişilər
+80 kq
İlkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. Radikin finala gedən yolda rəqibi İvan Konrad Trajkoviç (Sloveniya) olub. Təmsilçimiz iki setdə 17:2 hesablı üstünlük əldə edərək finala çıxıb. İsayev qızıl medal uğrunda rusiyalı Vladislav Larinlə qüvvəsini sınayıb. Rəqibini 4:3 hesabı ilə üstələyən Radik Azərbaycana 13-cü "qızıl"ı, ümumilikdə isə 30-cu medalı qazandırıb.
Qızıl: Radik İsayev (Azərbaycan).
Gümüş: Vladislav Larin (Rusiya).
Bürünc: Vedran Qoleç (Xorvatiya), Daniel Ros Qomes (İspaniya).
Qadınlar
+67 kq
Millimizin medal ümidlərindən olan 21 yaşlı Mariya Tedeyeva ilk döyüşündə təcrübəli rəqiblə qarşılaşıb. İlkin mərhələyə təsadüf edən döyüşdə 27 yaşlı ukraynalı Marina Koniyevanı sınağa çəkən təmsilçimiz 2 dəfə hesabda öndə olsa da, yekunda məğlubiyyətə üzülüb - 4:10. Koniyeva finala yüksələ bilmədiyindən Tedeyeva bürünc medal şansını da itirib.
Qızıl: Qvladis Epangue (Fransa).
Gümüş: Milika Mandiç (Serbiya).
Bürünc: Olqa İvanova (Rusiya), İva Rados (Xorvatiya).
Fanat.az