Bu gün "Bakı-2015" I Avropa Oyunlarında cüdo yarışlarına start verilib. Fanat.az xəbər verir ki, 5 medal dəstinin müəyyənləşəcəyi gündə Azərbaycan millisinin 8 cüdoçusu tatami üzərinə çıxıb.
Onlardan 4-ü kişilərin, 4-ü qadınların yarışında qüvvəsini sınayıb. Bu gün mübarizə aparan 5 çəki dərəcəsindən 3-də ölkəmiz iki idmançı ilə təmsil olunub. 8 cüdoçumuzun qəniməti bir gümüş olub.
Cüdo
25 iyun
Kişilər
60 kq
Bu çəki dərəcəsində tatami üzərinə çıxan hər iki təmsilçimiz 1/16 finaldan azad olub. Orxan Səfərov 1/8 finalda Yan Siçardini (Monteneqro) məğlub edən Azərbaycan əsilli Arif Bağırovu (Belarus) sınağa çəkib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə başa çatıb. Cüdoçumuz 1/4 finalda isveçrəli Ludovik Çammartinlə münasibətinə aydınlıq gətirib. Rəqibinə vazari və yuko xalları ilə qalib gələn "Neftçi İdman Klubu"nun üzvü yarımfinalda ispaniyalı Fransisko Qarriqosla gücünü yoxlayıb. Cüdoçumuz bu görüşü də üstün bitirərək, finala yüksəlib. Səfərov həlledici görüşdə rusiyalı Beslan Mudranovla qüvvəsini sınayıb. Avropa çempionu, dünya ikincisi olan rəqiblə görüş kifayət qədər gərgin alınıb. Orxan qarşılaşmanın başa çatmasına 17 saniyə qalmış fənd işlətmək istəyərkən, ippona düşüb və gümüş medalla kifayətlənib.
İlqar Müşkiyev isə israilli Alon Rəhimə qalib gələn ispaniyalı Franssiko Qarriqosla üz-üzə gəlib. Öz çəkisinin liderlərindən olan idmançımız startdaca mübarizəni dayandırıb. Hər 2 cüdoçunun aktivində 3 cərimə xalı olsa da, Qarriqos yuko xalında onu qabaqlayıb.
66 kq
İki cüdoçumuzun çıxış etdiyi çəki dərəcəsində təmsilçilərimiz 1/16 finaldan mübarizəyə start verib. Millimizin liderlərindən Nicat Şıxəlizadə ilk qarşılaşmasında türkiyəli Sinan Sandalla güləşib və rəqibini 141 saniyəyə ippona salıb. Həmyerlimiz 1/8 finalda italiyalı Elio Verde ilə mübarizə aparıb. O, bu döyüşü də aktivinə yazmaqda çətinlik çəkməyib. Nicat bu dəfə 142 saniyəyə mərhələ adlayıb. 1/4 finalda portuqaliyalı Serjiu Oleyniklə qarşılaşan Şıxəlizadə rəqibinin ippon fəndinə mane ola bilməyərək, uduzub. Buna baxmayaraq o, medal şansını saxlayır. Belə ki, Nicat bürünc medal uğrunda təsəlliverici görüşə qatılıb. Onun ilk rəqibi ukraynalı Georgi Zantaraya olub. Təsəlliverici mərhələdə qələbə qazanan Şıxəlizadə bürünc medal döyüşündə qüvvəsini sınayıb. "Böyük Dəbilqə"nin qalibi 3-cü yer uğrunda Mixail Pulyayevlə (Rusiya) qarşılaşıb. O, komanda yoldaşı Tərlan Kərimovu mübarizədən kənarlaşdıran cüdoçudan revanş almaq istəsə də, alınmayıb və yarışı 5-ci pillədə bitirib.
Tərlan Kərimov isə startda rusiyalı Mixail Pulyayevi tatamiyə dəvət edib. Təmsilçimiz təcrübəli rəqibə qarşı inamlı mübarizə aparsa da, sonda məğlubiyyətdən qaça bilməyib.
Qadınlar
48 kq
Bu çəki dərəcəsində ölkəmizi 2 cüdoçu təmsil edir. Leyla Əliyeva mübarizəyə 1/16 finaldan başlayıb. Sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələn həmyerlimizin debütü uğurlu alınıb. Şido xalı ilə mərhələ adlayan Əliyeva 1/8 finalda belçikalı Şarlin van Sniklə qarşılaşıb. Lakin o, uğurunu davam etdirə bilməyib və 61 saniyəyə uduzub.
Digər idmançımız Aişə Qurbanlı isə rusiyalı Kristina Rumyantsevanı sınağa çəkib. Döyüş təmsilçimizin təmiz qələbəsi ilə başa çatıb. Aişə rəqibini ipponla mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda italiyalı Valentina Moskattla qarşılaşıb. Qurbanlı görüşə yaxşı başlasa da, bu dəfə özü ippona düşüb.
52 kq
1/16 final mərhələsində qüvvəsini sınayan Səkinə Zairova israilli Roni Şvartsla münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən döyüş rəqibin xeyrinə yekunlaşıb. Cüdoçumuz ipponla uduzub.
57 kq
Ən təcrübəli cüdoçularımızdan olan Kifayət Qasımova da yarışa 1/16 finaldan başlayıb. O, 1/8 final vəsiqə uğrunda serbiyalı Yovana Roqiçlə mübarizə aparıb. Təcrübəli idmançımız gözlənilmədən tatamidən məğlub ayrılıb.
Fanat.az