“Neftçi”nin çex legioneri Zdenek Folprext ölkəsinin mətbuatına geniş müsahibə verib. Fanat.az xəbər verir ki, Bakı təmsilçisinin “Slovan”dan icarəyə götürdüyü müdafiəçi maraqlı məqamlara toxunub:
“Dostlarım hara gedəcəyimi eşidəndə orda terrorun olub-olmadığını, yollanacağım şəhərdə mal-qaranın küçələrdə gəzib-gəzmədiyini soruşdular. Amma şəhərin şəkillərini görəndən sonra heyran qaldılar. Hətta San-Fransiskoda yaşayan dostum da Bakının çox gözəl olduğunu söylədi.Təbii ki, ailəm üçün darıxıram. Liberetsdə doğmalarımla bir araya gəlmək problemi yox idi, tez-tez bacımın oğlunu görməyə gedirdim. İndi uzaqdayam, sevdiyim insanlarla hər gün internet vasitəsilə hal-əhval tururam”.
26 yaşlı arxa xətt oyunçusu həmyerlilərinə komandaya qoşulmasından, komandasının durumundan, rəqabətdən də danışıb: “Komandaya yanvarın 4-də qoşuldum. İlk dəfə idi ki, legioner həyatı yaşayacaqdım. Bu mənada, hansı vəziyyətlə üzləşəcəyimi, “Neftçi”də digərləri ilə necə ünsiyyət quracağımı bilmirdim. Orda 1 həftə olduqdan sonra düzgün qərar qəbul etdiyimi anladım. Komandada mən və digər futbolçulara nəsə lazım olursa, onu elə həmin gün təşkil edirlər. Klubda bu işlə təxminən 14 nəfər məşğul olur. Bu məni məmnun etdi. Təbii ki, klubda ingilis dilini bilən tərcüməçi var. Hər halda, onsuz mənə çətin olardı. Məndən bir neçə gün sonra kollektivə Pavel Dreksa qoşuldu. Vaxtımızı, demək olar ki, bir yerdə keçiririk. Bu isə işimizi asanlaşdırır. Çexiya ilə müqayisədə Azərbaycandfa futbolçular texniki cəhətdən daha hazırlıqlıdı. Ancaq fərdi keyfiyyətlərlə iş bitmir. Biz “Slovan”la “Qarabağ”a qalib gəlmişdik. Turnirdən asılı olmayaraq, çexlər yaxşı nəticə qazanmaq şanslarından istifadə edirlər. Yəni biz komanda şəklində mübarizə aparırıq. “Neftçi”də keçirdiyim 7 oyunun hamısında meydana çıxmışam. Mən bura gələndə komanda 9 xal toplamışdı. Qış fasiləsindən sonra isə 11 xal yığdıq. Təəssüf ki, bizim üçün çox vacib olan son oyunda məğlubiyyətlə üzləşdik (“Zirə”ylə oyunu nəzərdə tutur – red.). Azərbaycan çempionatında legioner limiti var. Əsas heyətdə 5 yerli futbolçu meydana çıxmalıdı. Deməli, əcnəbilər üçün 6 yer qalır ki, bizim komandada bunlardan 3-nü müdafiəçilər tutur. Bu da mənim işimi bir qədər çətinləşdirir. “Neftçi”də 6 yer uğrunda 11 legioner mübarizə aparır. Bu mənada, komandada Çexiyada üzləşdiyimdən güclü rəqabət gedir. Yaxşı azərbaycanlı futbolçu üçün rahat olur. O bilir ki, əsas heyətdə yer alacaq. Bizdə yarımmüdafiənin mərkəzində oynaya biləcək 3 legioner var. Onlardan yalnız biri, arada ikisi ilk “11-liy”ə düşür.
Yeni gələndə komanda yoldaşlarım üstümə düşüb, “Slovan” “Qarabağ”ı, necə olar ki, 3:0 hesabı ilə məğlub etdi” sualını verirdilər. Çünki Azərbaycanda məhz “Qarabağ” “Qəbələ” ilə çempionluq mübarizəsi aparır və ölkənin ən varlı klubu sayılır”
Rus dilini öyrəndiyini və qərarından peşman olmadığını söyləyən Folprext daha sonra əlavə edib:
“Azərbaycanda dostcanlı insanlar çoxdu. Sizin əcnəbi olduğunuzu və hansısa məsələ ilə bağlı kömək istədiyinizi görəndə dərhal yardım edirlər. Məsələn,bir dəfə maşınımı düzgün park etməmişdim və qayıdanda avtomobilin yerində olmadığını gördüm. İlk taksiyəcə əyləşdim, vəziyyəti başa saldım. Taksi sürücüsü nə baş verdiyini anladı və maşınımın aparıldığı cərimə meydançasının harda yerləşdiyini bildiyini dedi. Bizi dərhal ora apardı. Yeri gəlmişkən, həmin vaxt güclü yağış yağırdı. Könüllü şəkildə bizim problemlə maraqlandı və cərimə meydançasına yollandıq. Mənə dostumla birlikdə maşında gözləməyi tapşırdı. 20 dəqiqə ərzində problemimi həll etdi və maşınımı geri qaytardılar. Taksi sürücüsündən ona borcumun nə qədər olduğunu soruşdum. O isə çiyinlərini çəkərək, bilmədiyini dedi. Sürücüyə pul verəndə mənə minnətdarlığını bildirdi. Əslində təşəkkür etməli olan mən idim. Bəzən küçədə gəzərkən haralı olduğumu soruşurlar. Çexiyadan gəldiyimi biləndə Praqanı gözəl, tarixi şəhər olduğunu bilirlər. Bəziləri isə Çexiyanın pivəsini və qızlarını tərifləyirlər”.
Fanat.Az