"Mənim "Fortuna"da çıxış edərkən Almaniya və ya Türkiyə yığmalarında oynamaq üçün heç bir şansım yox idi. Azərbaycan yığmasını da ona görə seçdim ki, beynəlxalq təcrübə toplayım". Fanat.az xəbər verir ki, bu sözləri millimizin üzvü Tuğrul Erat deyib.
Almaniyanın III Bundesliqa klubu "Duysburq"un şərəfini qoruyan futbolçu yerli mətbuata müsahibəsində "DÇ-2018"in seçmə mərhələsində yığmamızın heyətində olmaq və almanlarla oyunlarda özünü göstərmək istədiyini bildirib: "Yığmada yer almaq üçün ilk növbədə "Duysburq"da özümü yaxşı tərəfdən göstərməliyəm. Boatenq və Hummelsə qarşı oynamaq istərdim. Onları TV-dən izləyəndən qüsursuz olduqlarını düşünürsən. Ona görə mənim özümə də bu futbolçulara qarşı oynamaq çox maraqlıdır".
Berti Foqtsun dövründə yığmamıza çağırılan Erat almaniyalı mütəxəssis haqqında da xoş sözlər söyləyib: "Ola bilsin ki, kənardan baxan insanlara o, yumor hissi olmayan bir şəxs kimi görünsün. Amma mən birgə çalışdığımız dövrdə onu tanıdım və gördüm ki, bu mütəxəssislə dil tapmaq, ünsiyyət qurmaq çox asandır. Hətta zarafat da edirdi. Foqtsla çalışmaq çox xoş idi".
Fanat.az