“Əlbəttə, rəsmi oyuna çıxırsansa, rəqibin sənin haqqında az şey bilməsi vacib məqamdı. Amma bu gün bütün yığmaların məşqçilər korpusu informasiya və təhlillərə güvənir, xüsusi proqramlardan istifadə edir”. Fanat.Az xəbər verir ki, bu sözləri Norveç millisinin baş məşqçisi Lars Laqerbek deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də millimizi qəbul edəcək skandinaviyalıların 69 yaşlı çalışdırıcısı yerli mətbuata danışıb: “Məşqlərdə çatışmayan cəhətləri aradan qaldırmağa çalışırıq. Müdafiə planında müəyyən dəyişikliklər üzərində işləyirik. Meydanda daha aqressiv görünməyi bacarmalıyıq”.
Laqerbek yığmamızın oyununda da dəyişikliklərin sezildiyini qabardıb: “Azərbaycan əvvəllər daha çox müdafiə haqda düşünürdü. İndi daha güclüdülər. Rəqibin yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Gözlədiyimdən daha yaxşı oynayacaqlarını düşünmürəm. Amma istənilən halda, futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Meydana 3 xal üçün çıxacağıq. Komandanı qələbələr formalaşdırır. Nə qədər çox qalib gəlsəniz, mental olaraq, bir o qədər güclü kollektivə çevrilərsiz”.
Fanat.Az