"Qəbələ"nin yeni transferi Marat İzmaylovun müsahibəsi
- Son yarım ildə harada idiniz?
- Sentyabrın sonundan mən şəxsi səbəblərdən “Portu”da deyildim. Klubda vəziyyətə anlaşıqla yanaşdılar və mənə güzəştə getdilər. Baş məşqçi Paulu Fonseka və rəhbərliklə söhbətim oldu. İşlərimi yoluna qoyuncaya qədər məni buraxmağa razılıq verdilər.
- Ötən aylar ərzində çox mütəəssir olmusunuz?
- Əlbəttə. Hər gün futbol barədə düşünürdüm. Yumşaq desək, bu, karyeramın heç də ən asan dövrü deyildi.
- Siz 130 gün meydana çıxmamısınız. Əvvəllər oxşar durğunluqlar olub?
- Bəli, zədələr səbəbindən. Xüsusən, “Sportinq”də. O zaman sağ dizimdə ardıcıl dörd əməliyyat etmişdilər. Dəfələrlə futboldan ayrı qalmışam. Ancaq bu ayrılığın xarakteri başqa olub. Müvafiq olaraq, təəssüratlar da başqa olub. Bu dəfə daha çətin vəziyyətdə idim. Bunu da nəzərə almaq lazımdı ki, zədədən sonra bərpa prosesi, daimi iş başlayır. Burada isə normal məşq etmək imkanı yox idi. Mütəmadi olaraq idman formamı saxlayırdım. Ancaq bütün bunlar peşəkar məşqlərlə müqayisə oluna bilməz.
- İndi özünüzü necə hiss edirsiniz?
- Dəfələrlə yaxşı! Yeni kollektivin köməyi ilə sürət yığıram. Qəlbim topu, meydanı tələb edir. Oynamaq həvəsi ilə alışıb yanıram. Başa dşürəm ki, yalnız oyunlardan keçməklə lazımı ahəngə uyğunlaşa bilərəm.
- Ümumiyyətlə, “Qəbələ” variantı necə ortaya çıxdı?
- Hər şey qəfildən alındı. Axşam “Qəbələ”dən təklif gəldi və mən düşünmədən razılaşdım. Artıq növbəti gün əşyalarımı yığıb Bakıya uçdum.
- Əvvəllər Azərbaycanda olmusunuz? Yerli çempionat haqda nə bilirdiniz?
- Bu ölkədə ilk dəfəyəm. Səthi məlumatım vardı. Ancaq Yuri Syomin “Qəbələ”ni çalışdırmağa başlayanda nəinki mən, əksər futbol həvəskarları Azərbaycan çempionatı ilə maraqlanmağa başladılar.
- Komandanın məskunlaşdığı eyniadlı şəhər təəssürat yaratdı?
- Hələlik orada olmamışam. Komanda Bakıda məşq edir. “Sumqayıt”a qarşı bazar günü keçiriləcək oyuna hazırlaşırıq. İki sutka ərzində mən heç Azərbaycanını paytaxtını əməlli-başlı görməmişəm.
- Həmklublarınızdan hər hansı ilə əvvəllər yollarınız kəsişib?
- Yox, heç kimlə görüşməmişəm. Ancaq mən öz seçimimə çox şadam. Bütün futbolçular insafla, peşəkarcasına işləyir və tərəqqi etmək istəyirlər. Təşkilati işlər də ən yüksək səviyyədədi. Hər yanda keyfiyyət gözə dəyir. Xoş təəccübümü gizlətmirəm. Klub üçün mümkün hər şey edilir. Beləliklə, məni müsbət hisslər duyğulandırır.
- “Lokomotiv”də və Rusiya yığmasında sizi məşq etdirmiş Yuri Syomin qarşınızda hansı tapşırıqları qoyub?
- Əsas məqsəd, mümkün qədər tez keyfiyyət toplamaqdı. Yuri Pavloviç mənim buraya gəlməyimin əsas səbəblərindəndi. Ona və komandaya çempion olmaq və Azərbaycan kubokunu (“Qarabağ”a qarşı dörddəbir final oyunları mart ayında keçiriləcək - uefa.com) qazanmaq üçün kömək etməyə gəlmişəm. Əlbəttə, fiziki planda hələ ki, çətindi. Ancaq idman formasını yığmaq dövründə mütləq səylər edirəm ki, nəticə verə bilim.
- Siz iki dəfə Rusiya çempionu olmuşunuz. Ötən mövsüm Portuqaliya “qızıl”ını qazandınız. Azərbaycan çempionatını qazanmaq nə dərəcədə vacibdi?
- Hər zaman qələbə qazanmaq istəyirsən, hətta uşaq vaxtı məhəllədə oynayarkən belə. Özü də futbol həyatımda əsas məşğuliyyətdi. Burada söhbət rəsmi yarışdan gedir. Bu yarış, futbola böyük maraq, bu idman növünün inkişafına əsaslı maraq olan bir ölkədə keçirilir. Mənim çempion olmaq və ölkə kubokunu qazanmağa böyük istəyim var. Sonra isə öz ailəmə - “Portu”ya qayıtmaq istəyirəm.
- “Qəbələ” ilə müqavilənin təfsilatları hansılardı?
- Razılaşma şərtlərinə böyük əhəmiyyət verməmişəm. Bura agentin və klubun sözləri əsasında məlumatlı gəlmişəm: bilirdim ki, “Qəbələ”də mövsümün sonuna qədər oynayacağam. Futbol üçün çox darıxmışam və mənə oynamaq imkanı verən adamlara minnətdaram.
- Bəs sonra?
- Mənim “Portu” ilə 2015-ci ilin yayına qədər müqaviləm var. Ora hazırlıqlı qayıtmaq üçün güclü istəyim var. Yüksək səviyyəmi saxlamaq, komandaya nəticə qazanmaq üçün kömək etmək, qənimətlər qazanmaq istəyirəm. Bu, əsas məqsəddi.
- Rusiya yığmasına qayıtmağa ümid edirsiniz?
- İndi, əlbəttə, bu haqda uzaqdan-uzağa düşünürəm. Yığmada oynamaq üçün çoxlu oyunlardan ibarət çətin yol keçməlisən. Hər şey məndən asılıdı. ”Qəbələ”də və “Portu”da daimi oynasam, yenidən milli komandanın formasını geymək imkanım yarana bilər. Mən buna inanıram.
uefa.com