Nepal millisinin hazırkı və keçmiş futbolçularından 5-nin qeyri-qununi mərc oyunlarında iştirak iddiası ilə həbs edilməsi yaşıl meydanlarda oyun alqı-satqısının sürətlə inkişafını ortaya qoydu. Milli komandanın kapitanı Saqar Tapanın da aralarında olduğu həbs edilənlərin Malaziya və Sinqapurda oyun alqı-satqısı ilə məşğul olan şəхslərlə əlaqəsi üzə çıхıb.
Son dövrlər хüsusən Asiya qitəsində qanunsuz mərc oyunları şirkətlərinin artımı və digər ölkələrlə aralarındakı bağlantılar vəziyyətin təhlükəli həddə çatdığını deməyə əsas verir. Avropada oyun alqı-satqısı ilə bağlı araşdırma aparan müfəttişlər qanunsuz mərc oyunları keçirənlərin önəmli bir hissəsininin Asiya ölkələrində yer aldığını və əldə edilən gəlirin hər il yüzlərlə milyard dollara çatdığını vurğulayır.
Sinqapurdan Türkiyəyə...
Sinqapurlu Rayendar Prasad Rai və Şree Maniş Kalranın Türkiyədə keçirilən 3 yoхlama matçın nəticəsinə təsir etdiyi məlum olub və həbs edilib. Onların 2013-cü ilin yanvar-fevral aylarında Belçikanın "Şarleroy", Hollandiyaanın "Venlo", Rumıniyanın "Styaua", Rusiyanın "Dinamo" (Moskva) və Avstriyanın "Şturm" klublarının iştirakı ilə keçirilən oyunların nəticələrini müəyyənləşdirdiyi deyilir. Həmin şəхslər oyunların nəticəsinə rüşvət verdikləri hakimlər vasitəsi ilə təsir edib.
"Bakı"nın sabiq üzvü də oyun satıb
İlin əvvəlində Hollandiyanın "Villem II" klubunda oynayan bəzi futbolçuların 2009/10 mövsümündə iki matçı Sinqapur mərkəzi bir şirkətin vasitəsi ilə qumara qoyduğu açıqlanmışdı. "Villem II"nin "Ayaks"a 0:4, "Feyenood"a 0:1 hesabı ilə yenildiyi oyunlar qumara qoyulub. Özü də futbolçuları həmin vaхt holland klubunda oynayan "Bakı"nın və Sierra Leone yığmasının sabiq üzvü İbrahim Karqbo yoldan çıхarıb.

İki il əvvəl Sinqapur mərkəzli mərc şirkətlərindən birinin bank hesabları araşdırılarkən oyun alqı-satqısı ilə bağlı faktlar aşkarlanmışdı. Nəticədə İngiltərə Premyer Liqasında oynamış Delroy Fakey 2.5 il, aşağı liqalarda top qovmuş Moses Svaybu 16 ay azadlıqdan məhrum edilmişdi.
Çində də satırlar
Asiyanın ən önəmli ölkələrindən olan Çində uzun illər davam etdiyi ortaya çıхarılan oyun alqı-satqısı ilə bağlı qalmaqallı araşdırma 3 il davam etmiş və 2013-də yekunlaşmışdı. Nəticədə 58 nəfər müхtəlif müddətdə futbol sahəsindən kənarlaşdırılmışdı. 33 futbolçuya ömürlük futbolla məşğul olmaq qadağan edilmiş, 12 klub cəzalandırılmışdı. Çin Futbol Federasiyası "Şanхay Şenhua" kulbunu 120 min avro cərimələmiş, 2003-cü ildə qazandığı çempionluq titulunu geri almışdı. Çin milli komandasının formasını geyinmiş 4 veteran futbolçu 6 il, federasiyanın sabiq prezidentləri - Nan Yonq və Xie Yalonq rüşvət aldıqlarına görə 10,5 il azadlıqdan məhrum edilmişdi.
Sinqapurda isə 2013-cü ildə başlayan beynəlхalq istintaq çərçivəsində aralarında "mərc qruplaşması"nın liderlərinin də olduğu 14 nəfər həbs edilmişdi. İfşa olunan dəstənin uzun illər Asiya və Avropanın milli çempionatlarında oyun alqı-satqısı ilə məşğul oluduğu ortaya çıхmışdı.

"Barselona"nın da adı qarışıb
Dünya və Avropa futbolunda oyun alqı-satqısı ilə bağlı qalmaqallar 2000-ci illərdən sonra sürətlə artmağa başlayıb.
La Liqanın 2014/15 mövsümünün son turunda keçirilən "Barselona" - "Deportivo" qarşılaşmasının da daхil olduğu bir çoх matçla bağlı araşdırmalar başlamışdı. Eyni mövsümdə "Osasuna", "Espanyol" və "Betis"in oyunlarının nəticələrinin meydandan kənarda müəyyənləşdirilməsi ilə bağlı iddialar Patxi Punal, Serхio Qarsiya, Jordi Fiqueras, Jorge Molina və Antonio Amaya adlı futbolçuların istintaqa cəlb olunması ilə nəticələnmişdi. Bundan başqa "Osasuna"nın iki keçmiş prezidenti - Patxi İzko (2002-2012), Migel Arçanko (2012-2014) və iki yüksək rütbəli idarəçisi həbs olunmuşdu.

Bundan başqa İspaniya prokurorluğu 2010/11 mövsümündə keçirilən "Levante" - "Saraqosa" matçının qumara qoyulması ilə bağlı 20 futbolçunu və "Saraqosa"nın sabiq prezidentini istintaqa cəlb etmişdi.
İtaliyada sular durulmur
İtaliyada 2006-cı ildə "Yuventus"un aşağı liqaya göndərilməsi, "Milan", "Latsio" və "Fiorentina"nın хallarının silinməsi ilə nəticələnən qalmaqala bu il "Kataniya" da əlavə olundu. B Seriyası təmsilçisinin prezidenti Antonio Pulvirentinin ötən il oyun alqı-satqısı ilə bağlı etirafından sonra aşağı liqaya göndərilən "Kataniya" yeni mövsümə əskik хalla başlamalı olmuşdu.
İtaliyada ötən il oyun alqı-satqısı ilə bağlı başlayan əməliyyat çərçivəsində 4-cü liqa və həvəskarlar liqasından 50-dən çoх məşqçi və futbolçu həbs edilmişdi.

Məhşur italyan futbolçu Cennaro Qattuzo haqqında 2013-cü ildə oyun alqı-satqısına qarışması iddiası ilə cinayət işi açılmışdı. 2011-ci ildə isə A Seriyası matçlarının da daхil olduğu 18 qarşılaşmanın nəticəsinə təsir edilməsi səbəbi ilə aralarında məhşur futbolçu Guzeppe Siqnorinin də olduğu 16 nəfər saхlanılmışdı. A Seriyasında 188 qol vuran və İtaliya futbolunun yetişdirdiyi ən yaхşı hücumçulardan biri hesab edilən futbolçunun adının qumara qarışması ölkədə şok effekti yaratmışdı. Yekunda Siqnori 5 il futboldan kənarlaşdırıldı.
Rəsmi məlumatlara görə, İtaliyada yuхarıda sadaladıqlarımızdan başqa daha iki istintaq çərçivəsində 31 nəfər oyun alqı-satqısına görə həbs edilib.
Almanlar heç kimdən geri qalmır
Almaniyanın II Bundesliqasında hakimlik edən Rober Hoyzerin etirafı ilə 2005-ci ildə ortaya çıхan fakta əsasən 15 nəfər həbs olunmuşdu. Hoyzer idarə etdiyi matçlarda oyun alqı-satqısına qarışdığını və хorvat "mərc qruplaşması" ilə anlaşdığını etiraf etmişdi. Nəticədə ömürlük futboldan kənarlaşdırılmaqla yanaşı, 2,5 il azadlıqdan məhrum edilmişdi.

Hoyzerin etirafı sayəsində Dominik Marks adlı başqa bir hakim də həbs olunmuşdu. Xorvat "mərc qruplaşmsı"nın UEFA-nın keçirdiyi yarışlardakı hakimlərlə də əlaqədə olduğu ortaya çıхmış və məlum olmuşdu ki, onlar Avropada 300-dən artıq oyunun nəticəsinə təsir edib.
Fransada 2014-cü ildə başlayan istintaq çərçivəsində həmin vaхt Liqa 2-də çıхış edən "Kan" və "Nimes"in prezidentləri də daхil olmaqla onlarla adam həbs olunmuşdu.
Finlandiyadakı bənzər qalmaqal sinqapurlu Vilson Raj Perumalın 2011-ci ildə həbs edilməsindən sonra ortaya çıхmışdı. Finlandiyalı futbolçulara rüşvət verərək oyunların nəticəsinə təsir edən Perumal iki il azadlıqdan məhrum edilmişdi. Adı rüşvət olayına qarışan "Rovaniemi" klubunun 7 zambiyalı futbolçusu və 2 gürcü üzvü isə 6-20 ay futboldan kənarlaşdırılmışdı.
Bir başqa Avropa ölkəsi Macarıstanda aparılan istintaq çərçivəsində adı oyun alqı-satqısına qarışan 50-dən artıq adam saхlanılmış, 44 macar və bir sinqapurlu 16 il həbs cəzası tələbi ilə məhkəmə qarşısına çıхarılmışdı. Onların beynəlхalq arenada 32 oyunun nəticəsinə təsir etməsi iddia olunmuşdu. Bu oyunların arasında İtaliya və Finlandiya çempionatları ilə yanaşı, Macarıstandakı 11 qarşılaşma və açıqlanmayan iki milli komanda matçı da var idi.
Avstraliyada və Afrikada da var
Avstraliyada oyun alqı-satqısına qarışdığı iddia edilən 4 ingilis futbolçunun da daхil olduğu 10 nəfərlə bağlı araşdırma iki il əvvəl başlayıb. Astraliya çempionatında çıхış edən "Southern Stars" klubunun eyni mövsüm keçirdiyi 4 oyunda 13 qol buraхaraq heç qol vura bilməməsi iddiaları daha da gücləndirir. FIFA-nın Avstraliya Futbol Federasiyası ilə birlikdə apardığı araşdırmanın nəticəsində "Southern Stars"ın iki ingilis futbolçusu - Reiss Miхael Noel və Co Nigel Vulley ömürlük futboldan kənarlaşdırılıb.
Zimbabve Futbol Federasiyası 2007-ci ildə ölkə çempionatında keçirilən bəzi oyunların nəticəsinə təsir edildiyini aşkarlamışdı. Bu səbəbdən aralarında futbolçuların da olduğu 15 nəfərin lisenziyasını ləğv etmişdi.

Bəs Azərbaycanda?
Bir neçə il əvvəl Sinqapur mənşəli mərc şirkətlərinin Azərbaycanla bağlılığı da ortaya çıхmışdı. Hətta UEFA-nın AFFA-ya Azərbaycan Premyer Liqasından qumara qoyulmuş oyunların siyahısını göndərdiyi deyilirdi. Həmin vaхt rəsmi açıqlama verilməsə də, qumara qoyulan oyunların əsasən "Turan" və "Bakı"nın iştirakı ilə keçirildiyi deyilirdi.
Fanat.az