Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə davam edir. 9-cu turdan sonra komanda üzvlərinə istirahət verən "Qəbələ" çərşənbə günündən etibarən yenidən bir araya gəlib.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib:
"Ayın 11-dən komanda şəklində məşqlərə başlamışıq. Bakıda hazırlaşırıq. Qəbələyə çempionat oyunundan iki gün əvvəl yollanacağıq. Çalışmalarımız həmişəki qaydada davam edir, əksəriyyət məşqlərdə iştirak edir. Təbii ki, millinin düşərgəsində olanlar istisnadır. İki futbolçumuz yığmaya yollanıb. Zədəlilərdən Asif Məmmədovla Feras Abu Akal bərpa prosesi keçdiyindən hazırlıqdan kənar qalıb. Fasilə müddətində yoxlama oyunu nəzərdə tutulmayıb".
Qeyd edək ki, "Qəbələ" 9 turdan sonra 7 xalla 9-cu pillədə qərarlaşıb.
Nahid Məmmədov