"Qəbələ" ilə bu gün müqavilə imzalaması gözlənilən İvaylo Petev gözlənilməz addım atıb. Fanat.az xəbər verir ki, bolqar mütəxəssis Cənubi Kiprin AEL klubu ilə yeni müqavilə imzalayıb.
Petev hazırkı klubunun prezidenti Andreas Sofokl ilə danışıqlar masası arxasına əyləşərək 2016-cı ilədək AEL-də qalmağa razılaşıb. Bu barədə Cənubi Kipr təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bu məlumatdan sonra artıq Petevin "Qəbələ"yə gəlməyəcəyi dəqiqləşib. Halbuki, "Qəbələ" rəhbərliyi bu gün onun Azərbaycana gələcəyini və iki illik müqavilə imzalayacaqlarını bəyan etmişdi.
Petevin bu addımı "Qəbələ" rəhbərliyini də çaş-baş salıb. Komandanın baş meneceri Zaur Əzizov futbol11.az saytına açıqlamasında bolqar mütəxəssisin telefon zənglərinə cavab vermədiyini bildirib: "Vallah, bilmirəm nə məsələdi. Mən hazırda Sloveniyadayam. Bura da məhz İvaylo Petevin bizə verdiyi hazırlıq proqramı üçün gəlmişik. İndi də telefon zənglərimizə cavab vermir. Dünən gəlməli idi. Amma, dedi ki, bu gün saat 5-də AEL prezidenti ilə görüşüb, sənədlərini götürəcək. Hətta, biz bileti belə almışdıq. Özü ilə də danışa bilmirik. Yəqin onun xarakterindən irəli gələn bir şeydi. Hələki, deyə biləcəklərim bunlardı. Çünki, biz özümüz də mılumatsızıq".
Petevl özü isə danışmaqdan imtina edib: "Danışmaq istəmirəm. Mənə zəng etməyin".
Fanat.az