Superkubok oyununun ardından məşqçilər korpusunu tam tərkibdə istefaya göndərən “Neftçi” rəhbərliyi Nazim Süleymanovla anlaşdı. Hələ Böyükağa Hacıyev gedişindən sonra baş məşqçinin səlahiyyətlərini icra edən Tərlan Əhmədovu məhz bu çalışdırıcının əvəzləyəcəyi mətbuata məlum idi. Daha dəqiq desək, Süleymanovun yox, başqa birinin komandanın “sükanı arxası”na gətirilməsi gözlənilməz addım sayılardı. Bəs görəsən Nazim bəy flaqmanı uğura daşıya biləcək biridimi? Bu çalışdırıcının rəhbərliyi altında bakılıların irəliləyişə nail olmaq ehtimalı nə qədərdi?
Futbolçu karyerasına söz ola bilməz
Söhbət azərbaycanlıdan gedirsə, Nazim bəyin futbolçu karyerasına yalnız ona qarşı qərəzli mövqe tutanlar ağız büzə bilər. 1965-ci il fevralın 17-də Sumqayıtda doğulan, 8-9 yaşlarından futbola başlayan Süleymanov 17 yaşında "Sintetik Kauçuk Zavodu"nun komandasında debüt edib. İstedadlı futbolçu mütəxəssislərin diqqətini çəkib və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan "Avtomobilçi" (Mingəçevir) klubunun heyətinə cəlb olunub. İnamlı oyunu ilə seçilən forvard bütün yerli oyunçuların formasını geyməyi arzuladığı "Neftçi"yə dəvət alıb. 1983-1990-cı illərdə ağ-qara formanı geyən futbolçu 177 oyunda 27 qol vurmağı bacarıb.
Hərçənd onun karyerasının ən parlaq dönəmi Rusiya çempionatı ilə bağlıdı. Düzdü, onun üçün futbolçu həyatının Rusiya bölümü uğurlu başlamayıb və 1990-cı ildə keçdiyi "Spartak"dan cəmi bir il sonra ayrılaraq Vladiqafqaz "Alaniya"sına təşrif buyurub. 1992 və 1996-cı illərdə Rusiya çempionatının gümüş, 1995-cı ildə isə qızıl medalını qazanan Süleymanov eyni zamanda, çempionatın ən sərrast futbolçusu kimi tarixə düşüb. "Alaniya"da ümumilikdə 142 oyun keçirərək 60 qola imza atıb. Bir forvard rəqabətli birincilikdə çempionluq sevinci dadıb bombardir olubsa, əlavə şərhə ehtiyac yoxdu. 32 yaşında "Alaniya"dan ayrılan və Soçi "Jemçujina"sıyla anlaşan ön xətt oyunçusu bu klubun heyətində 67 oyuna çıxıb, 13 qol vurub və 2000-ci ildə karyerasını bitirib. O, 1992-1999-cu illərdə 24 dəfə millinin formasını geyərək 5 qola imza atıb.
Bəs necə məşqçidi?
Butslarını mıxdan asan qəhrəmanımız gecikmədən məqşçilik fəaliyyətinə başlayıb. Uzağa getməyərək, "Jemçujina"nın əvəzedici heyətində çalışmalara start verib. Cənub zonasında 9-cu yeri tutmaqla kifayətlənən həmyerlimiz növbəti il vətənə dönüb və yeni yaranmış "Xəzər Lənkəran"ın baş məşqçisi təyin olunub. Bir mövsüm “gəmiçilər”i çalışdıran və uğurla yadda qalmayan mütəxəssis müvəqqəti olaraq millinin çalışdırıcısı funksiyasını yerinə yetirsə də, qısa müddətə sığan “hakimiyyəti” hər hansı güvənə şərait yaratmayıb. Süleymanovun daha sonra çalışdığı məkan "Bakı"dı. Paytaxt təmsilçisinin əvəzedici komandasını çalışdıran sabiq bombardir müəyyən dönəmdə əsas komandanı da oyunlara çıxarıb. 2009-2011-ci illər aralığında isə AZAL-la tarix yazmaq fürsətini lazımınca dəyərləndirə bilməyib. Komanda onun rəhbərliyi altında məhdud büdcə ilə Avroliqaya vəsiqə qazansa da, Belarus “Minsk”inə məğlubiyyət və ilk cəhddəcə “əyləcin basılması” ona bəslənən ümidləri heçə endirdi və istefa qaçılmaz oldu. Məhz “təyyarəçilər”lə azı bir mərhələ adlamaq mümkün olsaydı, bu gün avrokuboklarda zəfər dadmış çalışdırıcıdan danışardıq. Həmin uğursuzluq Süleymanovun kölgəyə çəkilməsini şərtləndirən olay sayılır. Bildiyiniz kimi, 2012-ci ildən bəri Berti Foqtsun köməkçilərindən idi və “Neftçi”yə gəlməklə yeni etimad qazanmış sayılır. Bu fürsətdən nə dərəcədə yararlanacağını isə zaman göstərəcək.
Məsuliyyət yükü ağırdı
“Neftçi” vitrindi və ardıcıl 3 dəfə çempionluğu bayram edən kollektivin yeganə hədəfi premyer-liqanın qalibi olmaqdı. Ölkənin ən yaşlı klubunda işləmək çalışdırıcıdan möhkəm iradə, istedad və təzyiqlərə davam gətirmək bacarığı istəyir. Rusiyada “Spartak”ın, Ukraynada “Dinamo”nun baş məşqçisi olmaq nə deməkdisə, Azərbaycanda da “ağ-qaralar”ın məsuliyyət yükünü çiyinlərinə qaldırmaq odu. Müstəvilər fərqli ola, çempionatların səviyyəsi seçilə bilər. Ancaq məşqçi məsuliyyəti baxımından olduqca uyğun müqayisədi. Bakı təmsilçisi cibdən maliyələşmir və dövlət sektorundan “qidalanan” camiə həmişə mətbuatın diqqət mərkəzindədi. “Xalq komandası”nda baş çıxarmaq üçün yalnız yaxşı məşqçi olmaq belə yetərli deyil. Yazılmış qanunlarla yanaşı, yazılmamışlarla da hesablaşmalısan.
“Quyunun dubindən çıxarmağa” gəlməyib
İndiki rəhbərlik ölkə birinciliyində hegomonluğun ələ keçirilməsinin əsas səbəbkarıdı. Arif Əsədovla 1, Böyükağa Hacıyevlə 2 çempionluq yaşayan bakılılar baş məşqçisiz də heç nə itirməyib. Hacıyevin köməkçisi Əhmədovla relsdən çıxmayan komanda sabitliyi qorumuş sayılır. Yəni Süleymanov “ağ-qaralar”ı “quyunun dibindən çıxarmağa” gəlməyib. Sadəcə, yerində saymağa qoymamalı, öz işini məsuliyyətlə görməklə ab-havanın yaxşılaşmasına çalışmalıdı. “Yeni qan” lazım olduğunu anlayan rəhbərlik Hacıyevdənqalma məşqçilərlə yolları ayırmağı uyğun sayıbsa, indikilərdən əvvəlkilərin etdiyindən artığı tələb olunacaq.
“Mən, mən, yenə də mən” keçərli deyilsə...
Reallıq budu ki, “Neftçi” Albaniya “Şkenderbü”sünə “ilişənə” qədər tək Hacıyevin hesabına adından söz etdirmirdi. Əksinə, Böyükağa bəyin klubdaxili qaydalardan kənara çıxıb bütün məsuliyyəti öz üzərinə götürməsi yaydakı fiaskoya yol açdı. Çalışdırıcının nüfuzu Aleks Ferqyuson kimi çalışdığı klubun siyasətindən bir addım öndə deyilsə, ilk növbədə düşdüyü mühitin reallıqlarıyla tanış olmalı, camiəyə uyğun fəaliyyətlə komandanın uğura doğru addımlamasında pay sahibi olmalıdı. Ortada danılmaz gerçəklik var: bu komandada “mən, mən və yenə də mən” prinsipi işləmir. Hərə öz sahəsində maksimum səy göstərməli, ortaya ümumi əməyin nəticəsi olan məhsul – titullar və uğurlar çıxarılmalıdı.
Məntiqlə, alınmalıdı
Süleymanov sabiq forvarddı və onun komandanın ənənəvi oyun tərzinə sadiq qalacağı şübhə doğurmur. Hücum futbolunun tərəfdarı olan Nazim bəyin dilindən sevimli ifadəsini (futbolun meyvəsi qoldu) dəfələrlə eşidənlər bilir ki, o, AZAL-da işlədiyi dönəmdə yüksək yox, orta səviyyəli futbolçularla baxımlı futbol sərgiləməyə can atırdı. Azarkeşlər flaqmandan məhz belə oyun tərzi umursa, komandada yerli müstəvidə ulduz sayılan fiqurlar varsa, məntiqlə, hər şey yaxşı olmalıdı. Çoxları hazırki baş məşqçinin xaraktercə mülayim insan olduğunu qabardıb bəzi futbolçuların intizamsızlıq edəcəyini önə çəkir. Lakin bu baxımdan da narahatçılığa ciddi əsas yoxdu. “Neftçi”də başqa klublarda qalmaqalçı kimi ad çıxarmış futbolçuların da ram olunması faktdı və bu baş məşqçilərin əməyinin nəticəsi deyil. Rəhbərlik komandanı nəzarətdə saxlayır.
“Futbol+” qəzeti