Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında 130 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçilərinin medal qarşılaşmaları başlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Sabah Şəriəti bürünc medal uğrunda görüşə çıxıb. İdmançımız Norveç təmsilçisi Oskar Marviklə görüşüb. Gərgin keçən qarşılaşmada ilk xalı güləşçimiz qazanıb. İkinci hissədə hər iki idmançı daha fəal mübarizə aparıb. Yekunda 3:2 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medala yiyələnib.
Bununla da Azərbaycanın yunan-Roma güləşi yığması "Minsk-2019"u iki medalla başa vurub. S.Şəriətiyə qədər komandamızın hesabında bir gümüş medal var idi. Bu uğura 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov imza atıb.
Ümumilikdə isə Azərbaycan yığması 26-cı medalını əldə edib. Bunlardan 5-i qızıl, 8-i gümüş, 13-ü bürünc medaldı.
Fanat.Az