Türkiyənin "Qaziantepspor" klubundan ayrılan Artyom Milevski Azərbaycanda çıxış edə bilər. Fanat.az xəbər verir ki, muşhur ukraynalı forvardın "Qəbələ"yə keçmək variantı yenidən gündəmə gəlib.
Milevskinin "Qəbələ"yə keçəcəyi ilə bağlı yayda da məlumatlar yayılmışdı. Lakin o, ölkəmizə yox Türkiyəyə üz tutdu və transfer pəncərəsinin son günlərində "Qaziantepspor"la müqavilə bağladı. Bir müddət əvvəl yol qəzasına düşən ukraynalı forvardla türk klubu arasında 2016-cı ilədək qüvvədə olan müqavitlə qarşılıqlı razılıq əsasında pozulub. Bundan sonra isə onun "Qəbələ"yə keçə biləcəyi ilə bağlı xəbərlər yayılıb.
Bunun əsas səbəbi isə hazırda "Qəbələ"yə başçılıq edən Yuri Syomindi. Belə ki, Milevski 2007-2009 və 2010-2012-ci illərdə Kiyev "Dinamo"sunda məhz rusiyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, futbolçu 2002-ci ildə "Borisfen"nin ikinci komandasından "Dinamo"ya keçib və 2013-ədək 178 oyunda 57 qol vurub. O, bu yay keçdiyi "Qaziantepspor"da 9 oyunda meydana çıxıb, 369 dəqiqə oynayıb və 3 qol vurub. 28 yaşlı forvard Ukrayna yığmasında keçirdiyi 50 matçda 8 dəfə fərqlənib.
Fanat.az