Madriqal "İnter"ə Parks göndərib - MÜSAHİBƏ

Madriqal "İnter"ə Parks göndərib - MÜSAHİBƏ
XXI turda "Simurq"un qonağı olan "İnter"in yeni transferi Diyeqo Madriqal debüt etdi. Futbolçu özünün ilk qolunu vurdu, həm də bunu topa ilk toxunuşunda etdi. Kosta-rikalı futbolçu klubun rəsmi saytına müsahibəsində ilk oyunundan bəhs danışıb, Premyer Liqa ilə bağlı fikirlərini bölüşüb və Uinston Parksla söhbətii barədə məlumat verib.
- Debüt matçı üçün bundan yaxşı heç nə düşünmək olmaz: ilk toxunuş və ilk qol. Həmin an nələr hiss etdin?
- Böyük xoşbəxtlik hiss etdim. Debüt matçının məhz belə alınmasına çox sevinirəm. Meydançaya çıxan zaman komandaya çox kömək etmək istəyirdim və çox şadam ki, buna nail oldum.
 
- Oyun çətin alındı. Uzun müddət tabloda ancaq sıfırlar yazılmışdı və komandaya qələbə qolunu vurmaq ancaq matçın 72-ci dəqiqəsində müyəssər oldu. Debütün haqqında daha nə demək istərdin?
- “Simurq” doğma divarlar arasında oynayırdı və bu amil onları qələbəyə daha çox kökləyirdi. Səmimi desəm, bu komanda yaxşı təsir bağışladı. Bizim oynumuza gəldikdə isə deyə bilərəm ki, “İnter”ə üç xal lazım idi. Komanda yoldaşlarım da bunu anlayırdılar və biz məqsədimizə çatdığımıza görə xoşbəxtik.
 
- “İnter”dəki karyerandan nə gözləyirsən?
- Bu komandaya keçdiyimə görə şadam. “İnter”də özümü yaxşı tərəfdən göstərmək və bununla da komandaya fayda vermək istəyirəm. Burada bir neçə mövsüm oynamaq, “İnter”lə titulları qazanmaq və avrokuboklarda çıxış etmək əla olardı.
 
- Artıq bir neçə aydı Azərbaycandasan. Ölkəmiz haqqında və paytaxt Bakı şəhəri barədə nə deyə bilərsən?
- Ancaq yaxşı sözlər deyə bilərəm. Bakı çox gözəl şəhərdi. Burada çox qonaqpərvər və mehriban insanlar yaşayırlar. Etiraf edim ki, mənə hələ Bakının gözəl yerlərini görmək müyəssər olmayıb, lakin tezliklə bunu edəcəyəm.
- Yeni komandaya uyğunlaşma prosesi necə alındı?
- Komanda yoldaşlarım tez uyğunlaşmağıma yardım etdilər. Bütün futbolçularla yaxşı münasibətlərim var. Burada ispandilli futbolçular var və bu da mənə tez uyğunlaşmağıma kömək etdi.
 
- Necə düşünürsən, “İnter” mövsümü mükafatçılar sırasında başa vura biləcəkmi?
- Hər şey mümkündü. Hazırda biz turnir cədvəlində 4-cü yerdəyik. Lakin bundan sonra da qalib gəlsək, o zaman liderlərə çata bilərik. Bunun üçün çox çalışmaq və yaxşı futbol nümayiş etdirmək lazımdı. Ümid edirəm ki, bunu etmək “İnter”ə müyəssər olacaq.
- Səndən əvvəl Azərbaycanda kosta-rikalı futbolçular oynayıblar. Onlar arasında ən tanınmışı Uinston Parks idi. Maraqlıdı, buraya gəlməzdən öncə onunla məsləhətləşdin?
- Bəli, mən onunla danışdım. Ona zəng etdim və məni maraqlandıran məsələləri ondan soruşdum. Etiraf edim ki, o, ancaq yaxşı sözlər dedi. Uinston yerli çempionatı təriflədi, ölkə, Bakı şəhəri haqqında yaxşı danışdı. Bir sözlə, o, mənim buraya gəlməyimi məsləhət görən insanlardan biri oldu.
 
- Maraqlıdı, doğmalarınıza və dostlarınıza Azərbaycan haqqında nədən danışmağa macal tapdın?
- Azərbaycana gələndə çox soyuq idi. Qar yağırdı, temperatur aşağı idi və bütün bunlar mənim üçün bir qədər qeyri-adi idi, axı Kosta Rikada həmişə istidi və yaxşı hava var. Məhz bu barədə yaxınlarıma məlumat verdim. Bundan başqa, yaxınlarıma dedim ki, bura çox gözəldi.
 
- Ailəni Bakıya gətirməyi planlaşdırırsan?
- Düşünürəm ki, yaxın gələcəkdə sevdiyim qız Bakıya gələcək. Bundan başqa, alınsa, gələn ay atam mənə baş çəkmək üçün buraya səfər edəcək.
inter.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər