Premyer Liqanın gümüş medallarını qazanan “İnter” artıq Avroliqanın ikinci təsnifat mərhələsinin oyunlarına – İsveç “Elfsborq”uyla duellərə hazırlaşır. Əlbəttə, ölkənin iddialılarından sayılan “bankirlər”in bəlli Moldova sindromuna son qoyaraq “Tiraspol”u mübarizədən kənarlaşdırması, üstəlik, bunu hər iki görüşdə qələbə qazanmaqla (səfərdə 3:2, evdə 3:1) rəsmiləşdirməsi ürəkaçandı. Ancaq indiyədək avrokuboklarda 1 mərhələdən artığına gücü çatmayan bakılıların Avropa səhnəsində ciddi uğura imza atmaq perspektivləri yetərincə dumanlı görünür. Bu yazıda Bakı komandasının görünən çatışmazlıqları üzərində dayanacağıq.
Problemləri sadalamamışdan öncə bank təmsilçisinin rəqibininin kimliyini bir daha yada salaq. “Elfsborq” ölkəsinin ən güclülərindəndi. Atletik futbol sərgiləyən bu Skandinaviya komandası fiziki cəhətdən güclü kollektivdi. Eyni zamanda avrokubok təcrübəsi ilə öyünməyə haqqı çatan isveçlilərin heyətində ucaboy futbolçuların sayı da yetərincədi. “Elfsborq” sürətli hücum futboluna güvənir və hazırda təmsil etdiyi ölkənin çempionatı davam etdiyindən komanda formada olmaya bilməz.
Baçana təkdi
“İnter” baş məşqçinin oğlu Baçana Tsxadadzenin ümidinə qalıb. Düzdü, gürcünün atasının hesabını başını girlədiyini söyləmək qərəzli yanaşma olar. “28 nömrə” bacarıqsız hücumçu deyil və “Tiraspol”la görüşlərin hər ikisində penaltidən fərqlənən forvard oyunuyla da fərasətini göstərib. “Şəfa”dakı cavab qarşılaşmasında sonradan meydana çıxaraq komandasının oyununda canlanma yarana Baçananın “İnter”in yeganə nominal hücumçusu olması isə olduqca ciddi sıxıntıdı. Bu o deməkdi ki, oğul Tsxadadze cəzalı duruma düşsə, zədələnsə, atası “nizənin ucunda” qərarlaşdırmağa futbolçu tapmayacaq. Təəssüf ki, “ağ-göylər” bu çatışmazlığı hələ də yoluna qoymayıb. Bəstəboy Dieqo Madriqal birhücumçulu taktiki sxemdə gözlənilən effekti verə bilməz. Onun fiziki göstəriciləri və oyun üslubu sürətinə, çevikliyinə rəğmən, irəlidə top saxlamağa yaramır. “İkinci dalğa”nı oyuna qoşmaq tək oynayan hücumçunun əsas tapşırıqlarından biridi və bu missiya Madriqalın oyun tərziylə uzlaşmır. Doğrudu, baş məşqçi 3 gün əvvəl hücum xəttinə yeni namizəd haqda mətbuata açıqlama verib. Lakin 2-3 günə həllini tapacağı deyilən məsələ hələ də açıq qalır. İyulun 17-də isə bakılılar səfər oyununa çıxmalıdı.
Slavço “çatdırmır”
Çoxları iki oyuna 3 top buraxan “İnter”in müdafiə xəttindəki boşluqları ön plana çəkir. Brüs Abdulayenin məlum gedişini, onun “arxa cəbhə”dəki yerində yeni simanın – Aleksandr Amisulaşvilinin mövqe tutmasını qabartmaq və bunun anlaşma səviyyəsinə mənfi təsirindən danışmaq başadüşüləndi. Rəqibin hücumlarını cərimə meydançasından uzaqda qarşılamalı olanlar isə üzərinə düşən işi lazımınca yerinə yetirmir. Daha doğrusu, karyerasının qürub çağını yaşayan “qoca” Slavço Georgievski artıq “çatdırmır”sa, Derlis Meza Kolli birəbir mübarizələrdə tez-tez xətalarla yaddaq qalır. Bunu “Tiraspol”la Bakıdakı oyunda sezmək çətin deyildi. “Bankirlər”in qapısına vurulan qol məhz Derlisin topu təhlükəli mövqedə rəqibə qapdırmasından sonra qeydə alındı. Hücumlara qoşulan zaman qapı istiqamətində təhlükəli zərbələr endirməyən Slavçonun ləngliyi və cinahlara “oxunmayan” ötürmələr verə bilməməsi mütləq vurğulanmalıdı. Tsxadadze son çempionatda əsasən ehtiyatda saxladığı makedonu sərəncamında ondan yaxşısı olmadığına görə oynadır.
Hücumameyillilər bəstəboydu
Bank təmsilçisində hücumameyilli oyunçuların çoxu heç orta boylu da sayılmır. Migel Alvaro, Asif Məmmədov, Madriqal və Elvin Məmmədovun hava mübarizələrindən qalib çıxmaq şansı az olduğundan standart vəziyyətlər zamanı başla yaxşı oynayan müdafiəçilər (adətən Matiya Şpiçiç və Yohan Bokonyano) rəqibə “ikinci mərtəbə”də çətinliklər yaşadır. Bəli, cərimə və künc zərbələrindən istifadə edən kollektivin “arxa cəbhə”nin hücum potensialından yararlanmaq çabası təbii haldı. Amma “İnter” sürətli hücumlar və ya ani əks-həmlələr reallaşdırarkən hava toplarının azı 70 faizi rəqibə “hədiyyə edilir”. Baçana meydanda deyilsə, ön xətdə sözün əsl mənasında başını işlədəcək fiqur yoxdu. Sirr deyil ki, istənilən təcrübəli çalışdırıcı “28 nömrə”nin hava toplarıyla təmasını əngəlləməklə bank təmsilçisinin asmalarını puça çıxarmağın yolunu tapa bilər.
Elvinsiz
Köhnə -yeni komandasına “Bakı”dan gələn Elvin Məmmədov Tiraspoldakı matçda meydanın ən yaxşılarından biri, bəlkə də ən yaxşısı idi. Təəssüf ki, sol ayağının topuğundan aldığı zədə texnikalı, meydanı yaxşı görən Məmmədovu azı birhəftəlik məcburi istirahətə göndərib. Yarımmüdafiəçi iyulun 17-nə qədər sağalsa belə, uzun müddət məşq etmədiyinə görə oynamayacaq. “Bankirlər”in “Elfsborq”u yerlə ötürmələrdə qabaqlaya biləcəyi ağlabatandısa, Elvinsiz komanda bu işi həyata keçirməyə çətinlik çəkəcək.
Son söz əvəzi
Sadalanan problemlər fonunda “Elfsborq”u mübarizədən kənarlaşdırmaq xüsusi motivasiya və bəxt hesabına mümkün olar. Yəni eyforiyaya qapılıb İsveç təmsilçisinin son mövsümü 6-cı yerdə bitirməsini, hazırki çempionatda 4-cü pillədə qərarlaşmasını ortaya atmaq absurddu. Gürcü çalışdırıcı başının çarəsinə baxmalıdı. Vaqif Cavadovu göndərəndə, Vüqar Nadirova “gəl, oyna” deyib sonradan istəməyəndə bu günü də fikirləşmək lazım idi.
NİHAT, "Futbol+"