Qadın və kişi klubların yeni reytinq cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) açıqladığı siyahıda Azərbaycan 4-cü pillədə qərarlaşıb.
Reytinq cədvəli 2012/2013, 2013/2014 və 2014/2015 avrokubok mövsümlərinin nəticələrinə əsasən hazırlanıb. Aktivində 293,33 xal olan Azərbaycan Türkiyə (491,67), Rusiya (458, 67) və Polşadan (322,66) geri qalır.
Bununla da Azərbaycan avrokuboklara hamıdan çox komanda göndərmək hüququ əldə edib. Belə ki, ilk "4-lük"də qərarlaşan ölkələr Çempionlar Liqasına 3, CEV Kuboku və “Çelenc Cup”a 1 vəsiqə əldə edir. Çempionlar Liqasındakı iki klubumuz mübarizəyə qrup, üçüncü yerin sahibi isə təsnifat mərhələlərindən başlayacaq.
Azərbaycan Super Liqasında artıq finalçılar bəllidi. Həlledici seriyada qarşılaşacaq “Telekom”la “Azərreyl” tutacaqları yerdən aslı olmayaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. “Lokomotiv”lə “Azəryol” arasında keçiriləcək üçüncü yer uğrunda seriyanın qalibi isə təsnifat mərhələsində oynamaq hüququ qazanacaq. Bu dueldə uduzan tərəf CEV Kubokuna qatılacaq. Super Liqada 5-ci yeri tutan “Gənclik” “Çelenc Cup”a qatılmaq imkanı əldə edib. Amma bu barədə yekun qərarı klub rəhbəoliyi verəcək.
Uzun müddət avrokuboklardan kənarda qalan kişi komandalarımız 0 xalla son 35-36-cü yerləri bölüşür. Bununla da ölkəmiz Çempionlar Liqasının təsnifat mərhələsinə və “Çelenc Cup”a bir klub göndərmək hüququ əldə edib. Bununla bağlı Azərbaycan Voleybol Federasiyası qərar verməlidi.
Fanat.az