Georgi Nikolov: "Xərçəngdən əziyyət çəkirəm, Azərbaycandan isə məni buraxmırlar"

Georgi Nikolov: "Xərçəngdən əziyyət çəkirəm, Azərbaycandan isə məni buraxmırlar"
Beynəlxalq Bank işi ilə bağlı qalmaqal və istintaq tədbirləri 2 ildən artıqdır ki, davam edir. Bank rəhbəri Cahangir Hacıyev də daxil olmaqla ona yaxın hesab olunan, iriməbləğdə kreditlər götürüb qaytarmayan bir çox iş adamı da həbs olunub. İstintaq tədbirləri nəticəsində minlərlə şəxsə isə Azərbaycanı tərk etmək qadağası qoyulub. İlk baxışdan burada qəribə heç nə yoxdur. Amma ölkədən çıxışına qadağa qoyulanlardan biri - "İnter" futbol klubunun sabiq prezidenti, Bolqarıstan vətəndaşı Georgi Nikolovun hekayəsi öz fərqliliyi və dramatizmi ilə daha çox diqqət çəkir.
Nikolovun adı təkcə idman camiəsində deyil, bütün Azərbaycanda yetərincə məşhurdur. Ölkənin aparıcı futbol klublarından birinin rəhbəri olaraq komandasına 9 il ərzində iki dəfə ölkə çempionluğu (2008, 2010), bir dəfə MDB Birlik Kubokunun qalibi (2011) titulları qazandırıb. Bundan əlavə, onun rəhbərliyi ilə komandası üç dəfə gümüş medal, iki dəfə bürünc medal qazanıb, üç dəfə də ölkə kubokunun finalına vəsiqə qazanıb.
2011-ci ildə Birlik Kubokundakı zəfərdən sonra onları ölkə prezidenti İlham Əliyev şəxsən qəbul edib.
Bu cür parlaq karyeradan sonra 2015-ci ildə futbol klubunun baş sponsoru olan Beynəlxalq Bankın üzərində əsən qara buludlar  "İnter" futbol klubunun prezidenti Georgi Nikolovdan da yan keçmədi. Elə o vaxtdan Nikolov həm işindən oldu, həm də ölkədən çıxışına qadağa qoyuldu. İlk vaxtlarda şahid qismində istintaqa çağrılan Nikolov odur-budur nə istintaqın yadına düşür, nə də ölkədən çıxışına qadağa ləğv olunur. İşin qəribəliyi də budur. 
Onunla görüşüb vəziyyəti aydınlaşdırmağa çalışdıq. Məlum oldu ki, durum düşündüyümüzdən də kritik imiş.
- Hazırda sizin iş ilə bağlı son durum necədir?
- Artıq neçə vaxtdır ki, "İnter"də işləmirəm. Klubla müqaviləm başa çatıb. Ondan bəri heç nə etmirəm. Uzun bir "məzuniyyət"ə çıxmışam. İş ondadır ki, Beynəlxalq Bankın sabiq rəhbərliyinə və bu qurumla bağlı digər strukturlara ölkəni tərk etmək barədə qadağa qoyulub. Hələ ki bu iş üzrə araşdırma davam edir, şahidlər dindirilir. Bu üzdən mən də Azərbaycanı tərk edə bilmirəm.
Georgi Nikolov: "Xərçəngdən əziyyət çəkirəm, Azərbaycandan isə məni buraxmırlar"
- Sizin Azərbaycana gəlişiniz Cahangir Hacıyevin sayəsindəmi baş tutub? Onunla əvvəl hansısa biznes ortaqlığınız olubmu?
- Bu informasiya əvvəllər bir neçə saytda çıxıb. Mən o vaxt buna sərt reaksiya vermişdim. Çünki düzgün olmayan məlumat idi. Azərbaycana gələnədək mən onu tanımırdım, onunla bir dəfə də olsun görüşməmişdim. Mən 2006-cı ilin mayın sonlarında namizədlərdən biri kimi bura çağırılanda onu tanımışam.
- Mediada sizin haqqınızda yazılanlardan biri də adınızdan kreditlər götürülməsi, restoran və otellər tikilməsi ilə bağlı idi. Buna da aydınlıq gətirərdiniz...
- Bu informasiya da həqiqəti əks etdirmir. Kredit götürüləndə yazılı müqavilə bağlanılıb və kiminsə imzası olmalı idi. Klub prezidenti kimi bu sənəddə mənim imzam olub. Beynəlxalq Bankdan alınan bütün pullar isə kluba görə götürülüb. Özünüz görürsünüz, həmin pullara "İnter Arena"da 2 qüllə ucaldılıb, biznes mərkəzi, restoran, futbolçuların qalması üçün mehmanxana tikilib. Bbütün bunlar yüz faiz klubun mülkiyyətidir. Bütün bunlar və əlavə olaraq keçmiş adı ilə "Şəfa", indiki adı ilə "İnter" Arena" olan stadion Beynəlxalq Bankın əmlakı sayılır. 2013-cü ildə ipoteka götürülüb və bütün bunlar Beynəlxalq Bankın sahibliyində baş tutub. Şəxsən mən öz adıma kredit götürməmişəm. Bir qəpik də olsa belə...
- Sizi istintaq prosesində neçə dəfə dindiriblər?
- İlk dəfə məni 2015-ci ilin iyunun əvvəllərində dindirməyə çağırıblar. Sonra ikinci dəfə məni həmin ilin ya iyul, ya da avqustunda ora dəvət etdilər. 2016-ci ildə çağırılanda isə mənə dedilər ki, biz sizin "İnter"dən ayrıldığınızı öyrənmişik. Mən də təsdiqlədim və bunun üçün sənədləri göstərdim. Ondan sonra mənə çağırış gəlməyib.
Georgi Nikolov: "Xərçəngdən əziyyət çəkirəm, Azərbaycandan isə məni buraxmırlar"
- Ölkədən çıxmaq haqda qadağa hansı qurum tərəfindən qoyulub?
- Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsi tərəfindən. 
- Beynəlxalq Bankın indiki rəhbərliyinin sizə qarşı hansısa iradı və ya sualı varmı?
- Bilmirəm. Olsaydı, indiyə kimi bildirərdilər. 2016-cı ilin əvvəllərində Beynəlxalq Bankın rəhbərliyi arayış ilə DİN-ə müraciət edərək göstərib ki, Georgi Nikolovun heç bir kredit borcu yoxdur, zəhmət olmasa, qadağanı götürün.
- Bir ara Bolqarıstanın Xarici İşlər Nazirliyi sizinlə bağlı açıqlama yaymışdı. Bakıdakı Bolqarıstan səfirliyi sizinlə maraqlanırmı?
- Onlar nə edə bilərlər ki? Bu tamamilə bürokratik məsələdir. Nazirliyimiz və səfirliyimiz bildirmişdi ki, onların səlahiyyətləri mənim Azərbaycandan buraxılmağıma çatır. Beynəlxalq hüququn bu barədə qaydaları mənə aydın deyil. Çox təəssüf ki, Bolqarıstan diplomatiyasının cəhdləri də heç bir fayda vermir.
- Xeyli vaxtdır ki, işsizsiniz. Sizin ölkəmizdəki xərclərinizi kim qarşılayır?
- 2015-ci ildən maaşım qalmışdı. Bir də uşaqlarım mənə kömək edir. Uşaqlarım böyükdür və şükürlər olsun ki, onlar bu baxımdan köməyimə çatır.
Georgi Nikolov: "Xərçəngdən əziyyət çəkirəm, Azərbaycandan isə məni buraxmırlar"
- Azərbaycanda neçə il çalışdınız?
- 9 il yarım.
- Bu baş verənlər sizin üçün gözlənilən idimi?
- Çox gözlənilməz oldu. Hətta ən pis yuxumda da belə bir şeyin olacağını görməzdim. Hər şey 2015-ci ilin yanvarından - ölkədəki maliyyə böhranı hiss olunmağa başlayan vaxtdan start götürdü. Klubun sahibləri maddi baxımdan ciddi rejimə keçdilər, maaşlar gecikdirilməyə başlandı. Bir sözlə, 2015-ci ildə Azərbaycandakı iqtisadi vəziyyət futbola da sıçradı. 2015-ci ilin martında Cahangir Hacıyevin Beynəlxalq Bankdan çıxarılmasından sonra isə əsl cəhənnəm başladı.
- "İnter" klubunun indiki rəhbərliyi, futbolçular sizinlə maraqlanırmı?
- Bəli. Komanda məni xatırlayır, məşqçilər heyəti də həmçinin. Onlar məni tanıyırlar. Klubun inzibati heyəti də mən işləyən vaxtda olan insanlardır. Maliyyə, mətbuat katibliyində bir qədər dəyişikliklər olub. Ancaq ümumilikdə hamısı tanıdığımız adamlardır və mənimlə əlaqə qururlar.
- Beynəlxalq Bankın "İnter"ə sponsorluğu kredit şəklində olub?
- Bank bizə bir neçə şəkildə köməklik edib. Bunlardan biri kredit şəklində olub. Kredit 90 faiz bizim infrastruktur üçün götürülüb. Nəticədə "İnter Arena" AFFA-dan alınıb. İkinci maddi köməklik bağlanan reklam müqavilələrinə görə olub. Klubun formalarında, stadiondakı bannerlərdə Beynəlxalq Bankın adını reklam etmişik. Üçüncü köməklik isə təmənnasız olub. Ancaq bu elə də böyük məbləğ olmayıb.
- Kredit şəklində verilən pullar banka qaytarılıbmı?
- Biz 1 milyon 800 minə yaxın kredit borcumuzdan ödəmişik. 31 milyon borcumuz qalıb.
- Sonuncu dəfə harasa müraciət etmisiniz?
- Biz Prezident Aparatına, Baş Prokurorluğa, DİN-ə, Ədliyyə Nazirliyinə müraciət etmişik. 2 həftə əvvəl prokurorluqda olmuşam. Çünki Prezident Aparatına müraciət edəndə bizə demişdilər ki, prokurorluğa bildirin, onlar sizin durumunuza aydınlıq gətirəcək. Ordan isə növbətçi prokuror bizə dedi ki, hələ yoxlama davam edir, qadağanın aradan götürüləcəyinə ümid etməyək. O dedi ki, heç cür mənə kömək edə bilməz. Ancaq deyildi ki, ərizə ilə müraciət edin və maksimum 30 gün ərzində prokurorluğun başqa departamentində bizi qəbul edəcəklər. Digər müraciət etdiyimiz qurumlar - DİN başda olmaqla məktublarımıza cavab belə vermədilər.
- Səhhətiniz necədir?Georgi Nikolov: "Xərçəngdən əziyyət çəkirəm, Azərbaycandan isə məni buraxmırlar"- (Bu yerdə Nikolovun hüquqşünası Həsən Həsənov suala cavab verir) Özü xərçəng xəstəliyindən əziyyət çəkir. 2014-cü ildə əməliyyat olunub və tövsiyə edilib ki, hər 6 aydan bir müayinədən keçsin. Ancaq Azərbaycanı tərk edə bilmədiyi üçün Bolqarıstanda müayinədən keçə bilmir. Azərbaycanda isə buna pulu yoxdur. Üstəlik, xarici pasportunun müddəti də bitib. Ona heç bir şərait yaradılmır ki, yeni xarici pasport alsın. Bakıdakı müvəqqəti qeydiyyat müddəti də bitdiyindən, hazırda heç harda qeydiyyatda deyil. Onun burda saxlanılmağının heç bir hüquqi əsası yoxdur. Əgər Nikolov şübhəli şəxs qismində işə cəlb olunsaydı, bunu başa düşərdik. Şahid qismində izahatı alınıbsa, buraxılmalıydı. Məhkəmədə şahid qismində ona ehtiyac olarsa, yenidən dəvət oluna bilərdi. Və ya onun məsələsinə Bolqarıstandakı məhkəmədə aidiyyati iş üzrə baxıla bilərdi. Məsələ burasındadır ki, onun burda qalmaq üçün xərcləri də qarşılanmır. Hazırda burda qeyri-leqal qalır. Çünki hazırda qaldığı otaq Bolqarıstan - Azərbaycan dostluq cəmiyyətinin ofisidir. Ancaq ola bilər ki, burdan da çıxarılsın. Çünki ofis onların özlərinə də lazım ola bilər.
Georgi Nikolov: "Xərçəngdən əziyyət çəkirəm, Azərbaycandan isə məni buraxmırlar"
(Nikolov davam edir) Bu sənəd onu göstərir ki, 2011-ci ildə mənə Almaniyada onkoloji diaqnoz qoyulub. Almancadır, hələ tərcümə etməmişik. 5-6 aydanbir müayinədən keçə bilmirəm. Halbuki buna ehtiyacım var.
- Bəs beynəlxalq təşkilatlara müraciət etmisiniz?
- Yox. Azərbaycanla bağlı heç bir beynəlxalq quruma müraciət və ya şikayət ünvanlamaq fikrində deyiləm. Mən burda uzun illər çalışmışam, xidmət etmişəm, burada özümü evdəki kimi hiss etmişəm, yerli insanlar mənə xoş yanaşıblar. Ancaq vəziyyət düzəlməsə, məcburam ki, yerli məhkəməyə müraciət edim. Artıq 2 ildir ki, burada girov kimi qalıram. Çətin situasiyadır, ancaq mən burda özümü girov kimi hiss edirəm. Heç kim mənə nəyə görə saxlanıldığımı bildirmir. Əksinə, mən maraqlanıram ki, niyə belə edirlər. Əgər günahkaramsa, gəlsinlər, yoxlasınlar, bilim ki, günah işlətmişəm. Mən indi orqanizmimdə nə baş verdiyindən məlumatsızam. Xərçəng xəstəliyi ilə zarafat eləmək olmaz. Həm də mənim üçün burada öz həyat yoldaşımla işsiz, heç bir resurs və sənəd olmadan yaşamaq çox çətindir. Ümid edirəm ki, tezliklə bu qeyri-müəyyənliyə son qoyulacaq və ölkə rəhbərliyinin müdaxiləsi ilə məsələ öz həllini tapacaq. Öz adımdan da yazılı zəmanət verməyə də hazıram ki, istintaqın sonrakı gedişində də ifadələrimə ehtiyac olacaqsa, Azərbaycana gəlməyə hazıram.
Zahir Əzəmət
Pərvin Kazımoğlu
Qaynarinfo.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər