Maliyyə problemləri içində çabalayan “Bakı” daha çətin vəziyyətlə üzləşib. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi FIFA-nın ağır cəzası ilə üz-üzə qalıb.
“Zolaqlılar” sabiq dayaq müdafiəçisi Aleksandr Tomaşa olan borcunu ödəmədiyi üçün ali futbol qurumu tərəfindən sanksiyalara məruz qala bilərlər. Bu barədə FIFA İntizam Komitəsi yeni qərarlar qəbul edib.
2008-2009-cu illərdə “Bakı”da oynamış bolqarıstanlı legioner komandadan qalmaqallı şəkildə ayrılmışdı. Paytaxt klubu Tomaşa ilə müqaviləni birtərəfli şəkildə pozduğu üçün futbolçunun meneceri FIFA-ya şikayət etmişdi. O, bakılıların müştərisinə 78 min dollar ödəməli olduğunu bildirmişdi.
İşə baxan FIFA İntizam Komitəsi Tomaşın lehinə qərar çıxarmışdı. Ali futbol qurumu 2013-cü il iyunun 28-də çıxardığı qərarla “Bakı”ya bu məbləği ödəmək üçün 2014-cü ilin aprel ayının 22-dək vaxt versə də, klub buna əməl etmədiyi üçün yeni qərarlar qəbul olunub.
Artıq paytaxt klubuna ilk sanksiya da tətbiq olunub. Belə ki, FIFA-nın 2013-cü il 28 iyun tarixində verdiyi qərarın icrasını gecikdirildiyi üçün “Bakı” 7500 İsveçrə frankı ziyana düşüb. Amma Tomaşa olan borcunu ödəmək üçün kluba daha 1 ay vaxt verilib. Əgər paytaxt klubu iyulun 16-dək həmin borcu ödəməsə, hesabından 6 xal silinəcək.
FIFA İntizam Komitəsinin “Bakı” haqqında çıxardığı qərar bunlardı:
1. “Bakı” Futbol Klubu FIFA tərəfindən 28 iyun 2013-cü il tarixli qərar ilə günahkar sayılır. Ona görə ki, bu klub sabiq futbolçusu Aleksandr Tomaş Tomovski ilə müqaviləsini birtərəfli şəkildə pozub və ona verməli olduğu təzminatı ödəməyib. Azərbaycan klubu FIFA İntizam Komitəsinin 64-cü maddəsi ilə mühakimə olunur.
2. “Bakı” Futbol Klubu FIFA tərəfindən haqqında çıxarılan ilk qərara əməl etmədiyinə görə, 7500 İsveçrə frankı cərimə olunur. Ödənişlər FIFA-nın bank hesablarına yalnız İsveçrə frankı ilə ödənməlidi.
3. Əgər “Bakı” klubu Aleksandr Tomovskiyə və FIFA-ya olan borcunu 30 gün ərzində ödəməsə, o zaman ölkədaxili çempionatdakı xallarından 6 xal silinəcək. Əgər kreditor Aleksandr Tomovski FIFA İntizam Komitəsinə pullarını aldığına dair sənəd göndərməsə, o zaman kluba qarşı daha ciddi sanksiyalara tətbiq olunmağa başlayacaq.
4. Xallar silindikdən sonra “Bakı”ya deyilən məbləği ödəmək üçün müəyyən vaxt veriləcək. Həmin müddətdə də klub Aleksandr Tomovskiyə olan borcunu ödəməsə, aşağı liqaya göndəriləcək. FIFA İntizam Komitəsinin çıxardığı qərarları Azərbaycan Futbol Federasiyası (AFFA) yerinə yetirməlidi. AFFA “Bakı”ya qarşı FIFA-nın çıxardığı bütün qərarlara əməl olunmasına nəzarət etməlidi. Əks təqdirdə, AFFA özü də FIFA tərəfindən sanksiyalara məruz qalacaq.
apasprt.az