Çempionlar Liqasının "ən" maraqlı statistikası

Çempionlar Liqasının "ən" maraqlı statistikası
Sabah UEFA Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək. Fanat.az Avropanın bir nömrəli klub turnirinin startından əvvəl yarışla bağlı maraqlı məqamları təqdim edir.
Ən böyük hesablı məğlubiyyət: "Beşiktaş"
Turnirin ən böyükhesablı məğlubiyyəti Türkiyənin "Beşiktaş" klubuna məxsusdu. "Qara Qartallar" 2007/08 mövsümü çərçivəsində 2007-ci ilin 6 noyabrında qarşılaşdıqları "Liverpul"a 0:8 hesabı ilə yenilmişdilər. "Beşiktaş" 2000-ci ildə bu turnirdə başqa bir inglis klubuna - "Lids"ə 0:6 hesabı ilə uduzmuşdu.
0:8-dan sonra ən böyük hesab 0:7-di. Belə ki, Çexiya "Slaviya"sı "Arsenal"a, Yunanıstan "Olimpiakos"u "Yuventus"a, Slovakiya "Jilina"sı Marsel "Olimpik"inə, İsveçrə "Bazel"i "Bavariya"ya, Bkelçika "Genk"i isə "Valensiya"ya məhz bu hesabla uduzub.
Ən çox oynayan futbolçu: Raul Qonzales
 
Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu Rual Qonzalesdi. İspan futbolçu "Real" və "Şalke 04"ün heyətində bu turnirdə 142 matça çıxıb.
Onu "Mançester Yunayted"in veteran oyunçusu Rayan Giqqz izləyir. Şotland futbolçu Çempionlar Liqasında 134 oyun keçirib. "Barselona"nın ulduzu Xavi isə 130 matçda meydanda olub.
  
Ən çox qol vuran futbolçu: Raul Qonzales
Turnirin ən çox oyun keçirən futbolçusu Raul həm də ən çox qol vuran futbolçudu. 1992/93 mövsümündə Çempionlar Liqasında debüt edən "Real"ın əfsanəsi 142 matçda 71 dəfə rəqib qapıçıları məyus edib.
Raulu "Barselona"nın superstarı Lionel Messi izləyir. Argentinalı ulduzun aktivində 59 qol var. PSV, "Mançester Yunayted" və "Real" forması ilə Çempionlar Liqasında çıxış edən holland Ruud Van Nistelrooy isə 56 dəfə fərqlənib.
 
Bir matçda ən çox qol vuran oyunçu: Lionel Messi 
 
Çempionlar Liqasının bir matçında ən çox qol vuran oyunçu Lionel Messidi. Argentinalı "Bayer"i 7:1 hesabı ilə yendikləri oyunda 5 dəfə fərqlənmişdi. O, həmçinin 14 qolla bir mövsümdə ən çox fərqlənən futbolçudu.
Messidən əvvəl Marko Van Basten, Simone İnzagi, Dado Prso, Ruud Van  Nistelrooy, Andrey Şevçenko, Bafetimbi Qomis və Mario Qomes bir oyunda 4 qola imza atmışdı.
 
Ən sürətli qol: Roy Makaay
 
Turnirin ən sürətli qolunun müəllifi Roy Makaaydı. Holland ulduz 2006-cı ilin 7 martında "Bavariya"nın İspaniyada "Real"ı 2:1 hesabı ilə yendiyi matçın 10.03-cü saniyəsində rəqib qapısına yol tapmışdı. 
 
Ən sürətli het-trik: Bafetimbi Qomis 
Çempionlar Liqasında ən sürətli het-trikin müəllifi Bafetimbi Qomisdi. Lion "Olimpik"ində çıxış edən futbolçu 2011-ci ilin 27 dekabrında Zaqreb "Dinamo"su ilə keçirilən oyunda 8 dəqiqəyə 3 qol vurmuşdu. Oyun "Olimpik"in 7:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Bu rekord Qomisdən əvvəl Mike Nevillə aid idi. O, "Blekbern"in formasını geyindiyi vaxt - 1995-ci ilin 6 dekabrında 9 dəqiqə ərzində "Rusenborq"u 3 dəfə məyus etmişdi.
Ən gənc qolçu: Peter Ofiriquaye
Turnirdə qol vuran ən gənc futbolçu Peter Ofiriquayedi. O, 1 oktyabr 1997-ci ildə baş tutan "Rusenborq" - "Olimpiakos" matçında qol vurarkən 17 yaş 195 günlük idi.
Boyan Krkiç isə ilk qolunu vurarkən ondan 22 gün böyük olub. Belə ki, futbolçu 2008-ci ildə "Barselona" forması ilə "Şalke 04"ü yenərkən 17 yaş 217 günlüyündə qol vurub.
Ən qoca qolçu: Rayan Giqqz
 
Bu yarışda qol müəllifi olmuş ən yaşlı futbolçu Rayan Giqqzdi. "Mançester Yunayted"in veteran futbolçusu 2011-ci ilin 14 sentyabrında "Benfika"nın qapısına yol tapıb. Həmin vaxt şotland futbolçu 37 yaş 289 günlük olub.
 
Ən erkən sarı vərəqə: Batuhan Karadeniz
 
Çempionlar Liqasında ən erkən sarı vərəqə alan futbolçu Batuhan Karadenizdi. "Beşiktaş"da forma geyinən futbolçu 2009-cu ildə "Mançester Yunayted"lə səfər matçının 84-cü dəqiqəsində meydana çıxıb və cəmi 14 saniyə sonra sarı vərəqə ilə cəzalanıb.
 
3 fərqli klubda 4 kubok: Klarense Zeedorf
Klarense Zeedor 3 fərqli klubda 4 kubok qazanan yeganə futbolçudu. O, 1995-ci ildə "Ayaks"la, 3 il sonra "Real"la, 2003 və 2007-ci illərdə isə "Milan"la kuboku başı üzərinə qaldırıb.
Kuboku qazanan ən gənc mütəxəssis: Joze Villalonqa
Çempionlar Liqasını qazanan ən gənc mütəxəssis Joze Villalonqa olub. O, 1956-cı ildə "Real"la kuboku başı üzərinə qaldırıb. Baş məşqçi həmin vaxt cəmi 36 yaş 185 günlük olub.
Kuboku qazanan ən yaşlı mütəxəssis: Raymond Goetals
 
Çempionlar Liqasının qalibi olmuş ən yaşlı mütəxəssis Raymond Goetalsdı. 1993-cü ildə Marsel "Olimpik"ini turnirin qalibi edən baş məşqçi bu sevinci 71 yaş 232 günlüyündə yaşayıb.
 
Çempionlar Liqasının ilk qolu: Daniel Amokaçi
 
Çempionlar Kubokunun 1992-ci ildə Çempionlar Liqasına çevirilməsindən sonra turnirin ilk qolunu Daniel Amokaçi vurub. Nigeriyalı futbolçu "Brügge"nin ÇSKA-nı 1:0 hesabı ilə yendiyi matçın 17-ci dəqiqəsində fərqlənib.
 
Turnirin 100-cü qolunu "Barselona"lı Romario, 1000-ci qolunu PSV-nin üzvü Dmitri  Xoxlov, 2000ci qolunu "Boavista"nın futbolçusu Ervin Sançes, 3000-ci qolunu "Yuventus"lu David Trezege, 4000-ci qolunu isə "Liverpul"lu Peter Krouç vurub.
 
Çempionlar Liqasının ata-oğulları
Avropanın bir nömrəli klub turnirini indiyədək 3 dəfə ata və oğulları qazanıb:
İtalyan Cesare Maldini 1963-cü ildə "Milan"la bu uğuru qazandığı halda, oğlu Paolo Maldini eyni komanda ilə 1989, 1990, 1994, 2003 və 2007-ci illərdə bu sevinci yaşayıb.
 
"Real"da forma geyinmiş Manuel Sançes Martines 1966-cı ildə, oğlu Manuel Sançes Hontiyuelo isə 1998 və 2000-ci illərdə kuboku başı üzərinə qaldırıb.
 
Karles Buskets "Barselona" ilə 1992-ci ildə, oğlu Serxio Buskets isə 2009 və 2011-ci illərdə eyni uğura imza atıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər