UEFA Gənclər Liqasının qalibi müəyyənləşib. Fanat.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən yarışın final matçı bu gün Nyondakı "Kolovray" stadionunda baş tutub.
Həlledici matçda PSJ və "Çelsi" qarşılaşıb. Hesabı 10-cu dəqiqədə "Çelsi"dən Fikayo Tomori açıb. İki dəqiqə sonra PSJ-dən Jean-Kevin Auqustin penaltini boşa verib. 58-ci dəqiqədə Yaku Meyte bərabərliyi təmin etsə də, 3 dəqiqə sonra Kasey Palmer "Çelsi"nin qələbə qolunu vurub.

Kasey Palmer
Beləliklə, 3-cü dəfə keçirilən və gənclər arasında Çempionlar Liqası hesab olunan yarışı ardıcıl ikinci dəfə "Çelsi" qazanıb. London klubu ötən mövsüm finalda "Şaxtyor"a qalib gəlmişdi (3:2). 2013/14 mövsümündə ilk dəfə təşkil olunan turnirin qalibi isə "Benfika"nı udan "Barselona" (3:0) olmuşdu.
Bu mövsümkü turnirin bombardiri adını "Atletiko"dan Roberto Nunez qazanıb. O, 9 qola imza atıb. "Real"dan Borya Mayoral və "Çelsi"dən Tammi Abraham 8 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycanı bu mövsüm turnirdə "Rəvan"ın U-19 komandası təmsil edib. Bakı klubu ilk mərhələdə Moskva "Spartak"ına uduzub (0:4, 0:0).
Fanat.az