Çempionlar Liqasında mövsümün son püşkü atılıb. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə tədbirdə yarımfinal və final mərhələlərinin cütləri bəlli olub.
Bu mərhələdə 2 ispan, 1 ingilis və 1 alman klubu mübarizə aparacaq. Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 ən güclü komanda əvvəl iki yarımfinal cütünü müəyyənləşdirib. Bu mərhələdə Madrid "Real"ı "Mançester Siti"yə, "Atletiko" "Bavariya"ya rəqib olub.
Püşk Çempionlar Liqasında yenidən Madrid finalının baş tutmasını mümkün edib. Belə ki, "Real" "Mançester Siti"ni, "Atletiko" "Bavariya"nı keçsə, 2013/14 mövsümünün finalı təkrarlanacaq. Həmin vaxt Lissabondakı "Estadio da Luz" stadionunda baş tutan finalda "Real" 4:1 hesablı qələbə qazanmışdı.
Daha sonra isə mayın 28-də, Milanın "Cüzeppe Meatsa" stadionunda baş tutacaq final qarşılaşmasının nominal meydan sahibi müəyyənləşib. Püşk nəticəsində "Mançester Siti" - "Real" cütünün qalibi nominal meydan sahibi olub.
Qeyd edək ki, yarımfinalın ilk oyunları aprelin 26-27-də, cavab matçları mayın 3-4-də baş tutacaq.
Çempionlar Liqası
Yarımfinal
Mançester Siti (İngiltərə) - Real (İspaniya)
Atletiko (İspaniya) - Bavariya (Almaniya)
Final
Mançester Siti//Real - Atletiko//Bavariya
Fanat.az