Çempionlar Liqasında böyük matç: "Real" - "Bavariya"

Çempionlar Liqasında böyük matç: "Real" - "Bavariya"
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində ikinci oyun keçiriləcək. Fanat.az xəbər verir ki, günün oyununda "Real" "Bavariya"nı qəbul edəcək.
"Real" 13-cü finalı istəyir
"Real" 13-cü ci dəfə turnirin finalına çıxmaq istəyir. 9 dəfə Çempionlar Liqasını qazanmaqla kuboku ən çox muzeyinə aparan klub olan İspaniya təmsilçisi 12 ildi uğura həsrətdi. Belə ki, "Real" sonuncu dəfə 2001/02 mövsümündə kuboku başı üzərinə qaldırıb.
Kuboku 5 dəfə qazanan "Bavariya" isə İspaniya təmsilçisini mübarizədən kənarlaşdıraraq son 5 ildə 4-cü, ümumilikdə isə 11-ci dəfə finala çıxmaq istəyir. Alman klubu 2010 və 2012-ci illərdə final oynamış, ötən il isə kuboka sahib çıxmışdı.
"Real" - "Bavariya": 21-ci qarşılaşma
2011-ci ildə "Barselona", 2012-də "Bavariya", 2013-də isə "Borussiya"ya (Dortmund) uduzan "Real"la son 5 ildə 4-cü dəfə yarımfinalda mübarizə aparacaq "Bavariya" bu günə qədər 20 dəfə qarşılaşıb. Bu matçlardan 11-ni almanlar, 7-sini ispanlar qazanıb, 2 matç isə sülhlə bitib. "Bavariya"nın 33 qol vurduğu oyunlarda "Real" 26 dəfə fərqlənib. 
Komandalar indiyədək yarımfinalda 5 dəfə qarşı-qarşıya gəlib. 1976, 1987, 2001 və 2012-ci illərdəki matçlarda "Bavariya", 2000-ci ildəki qarşılaşmanı "Real" qazanıb.
"Real" və "Bavariya" sonuncu dəfə 2011/12 mövsümündə Çempionlar Liqasının yarımfiqalında üz-üzə gəlib. Tərəflər ev oyunlarında 2:1 hesablı qələbə qazanıb və "Santiaqo Bernabeu" stadionundakı matçdan sonra qalib penalti seriyasında müəyyənləşib. Bu zaman 3:1 hesablı qələbə qazanan "Bavariya" finala çıxıb.
Çempionlar Liqasının ən məhsuldarı
"Real" cari mövsümdə Çempionlar Liqasının ən məhsuldar komandasıdı. "Kral Klubu" indiyədək 32 qola imza atıb. İspanlar daha 4 qol vuracağı halda turnir mövcud formatla keçirilməyə başlayandan - 1992/93 mövsümündən bəri "Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran" komanda olacaq. Hazırda rekord 35 qoldu. Bu göstəriciyə "Real" və "Barselona" imza atıb.
"Qalatasaray", "Yuventus" və "Kopenhagen"in yer aldığı B qrupunu 5 qələbə və 1 heç-heçə ilə lider kimi başa vuran "Real" 1/8 finalda Almaniyanın "Şalke 04" klubu 6:1 və 2:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırıb. "Kral Klubu"nun 1/4 finaldakı rəqibi Almaniyanın digər təmsilçisi, ötən mövsüm yarımfinalda uduzduğu "Borussiya" (Dortmund) olub. Evdə 3:0 hesablı qələbə qazanan "Real" səfərdəki məğlubiyyətə (0:2) rəğmən mərhələ keçib.
Yarımfinaladək 24 qol vuran "Bavariya" "Mançester Siti", "Viktoriya" və ÇSKA-nın (Moskva) yer aldığı qrupu 5 qələbə və 1 məğlubiyyətlə tamamlayıb. 1/8 finalda "Arsenal"ı mübarizədən kənarlaşdıran (2:0, 1:1) Münhen klubu ardınca "Mançester Yunayted"i sıradan çıxarıb (1:1, 3:1).
Ronaldo qaydır və rekorda hazırlaşır
1/4 finalın "Borussiya" ilə aprelin 2-də keçirilən matçında zədələnən Kriştiano Ronaldonun bu gün meydanda olması gözləyinilir. Sol dizindən zədə alan portuqaliyalı ulduz təxminən 2 həftədi yaşıl meydanlardan kənarda qalıb. 
Ronaldo "Bavariya"nın qapısına yol tapacağı halda rekorda imza atacaq. Bu mövsüm vurduğu 14 qolla turnirin bombardiri olan bir dəfə də fərqlənsə, Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri olacaq. O, "Milan"lı Jose Altafininin və "Barselona"lı Lionel Messinin rekordunu qıracaq.
Beyl oynayacaq?
"Barselona" ilə aprelin 16-da oynanılan "Kral Kuboku"nun final matçının 85-ci dəqiqəsində fərqlənərək "Real"a kubok qazandıran Qaret Beylin meydana çıxıb-çıxmayacağı bəlli deyil. Qrip virusuna yoluxan uelsli ulduz bu səbəbdən son məşqi buraxıb. Bu səbəbdən onun hələ oynayıb-oynamayacağı bilinmir.
Mövsümü qapadan Jese Rodriges və Sami Kediranın, həmçinin dizindən zədə alan Alvaro Arbeloanın oynamayacağı dəqiqdi. Marselonun durumu isə qeyri-müəyyəndi.
"Bavariya"nın heyətindəki itkilərə gəlincə, Tyaqo Alkantara, Xerdan Şaqiri, Holger Badstuber və Tom Starke Madridə aparılmayıb. Bu futbolçuların zədəsi var. Ayaq biləyindən zədə alan Dieqo Kontentonun isə oynayıb-oynamayacağı bilinmir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər