Gələn il Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Fanat.az xarici mətbuata istinadən xəbər verir ki, satışın ilk mərhələsi 14 sentyabr - 16 noyabr tarixlərini əhatə edəcək. Biletlərin növbəti partiyası isə 5 dekabr - 31 yanvar və 13 mart - 3 aprel tarixlərində satışa çıxacaq. Azarkeşlər Konfederasiyalar Kubokunda olduğu kimi dünya çempionatında da oyunlara baxmaq üçün FAN-İD kartlarını əldə etməlidilər. Biletlər FİFA-nın rəsmi saytı vasitəsilə satılacaq.
Xaricdən Rusiyadakı mundialı canlı izləmək istəyənlər üçün 1, 2 və 3-cü kateqoriya biletlər satışa çıxarılacaq. 3-cü kateqoriyada ən ucuz biletlər qrup mərhələsində 105, 1/4 finalda 175, finalda isə 455 dollar olacaq. 1-ci və ən bahalı kateqoriya üçün biletlərin qiyməti isə qrupda 550, həlledici oyun üçün isə 1100 dollardan başlayır.
DÇ üçün 4-cü kateqoriya biletlər də satışa çıxarılacaq. Lakin bu biletlər ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Bu kateqoriyaya aid biletlərin qiyməti qrup mərhələsində 22, final qarşılaşması üçün isə 122 dollardan başlayır.
Fanat.Az