İspaniya çempionatının 30-cu turunun matçında "Barselona" doğma meydanda "Las Palmas"ı 1:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçda kataloniyalıların üç aparıcı üzvü Robert Levandovski, Joau Kanselu və İniqo Martines xəbərdarlıq alaraq "Kadis"lə növbəti oyunu buraxmaq məcburiyyətində qalıblar.
Bununla belə, "Barca Universal" iddia edib ki, Levandovski və Kanselu "Kadis"lə oyunda sanksiya almamaq üçün dünənki matçda bilərəkdən vərəqə alıblar. Nəticədə "El Klasiko"nu - "Real Madrid"lə 32-ci turun oyununa cəzasız çıxmaq niyyəti güdüblər.
Ancaq onların bilərəkdən vərəqə aldıqları sübuta yetirilərsə, 2 oyunluq diskvalifikasiya olunacaqlar. İspaniya Kral Futbol Federasiyasının İntizam Məcəlləsində bu məqam açıq şəkildə göstərilib. Orada bildirilir ki, oyunçu bilərəkdən oyundan kənarlaşdırılma cəzası alıbsa, o, iki matçlıq cəza çəkməlidir. Müvafiq qurum bu həftə məsələyə baxacaq.
"Kadis" - "Barselona" oyunu aprelin 13-də, "Real Madrid" - "Barselona" matçı isə aprelin 21-də keçiriləcək.
Mirağa