Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vuruldu. Fanat.az xəbər verir ki, həlledici oyunda Portuqaliya millisi İspaniyanı oyunsonrası penaltilər seriyasında məğlub edərək çempion oldu.
Qarşılaşmadan sonra İspaniya millisinin baş məşqçisi Santi Denia jurnalistlərin suallarını cavablandırıb.
"Oyuna qələbə üçün çıxmışdıq. Oyunun gedişatından qarşılaşmanın penaltilərə doğru getdiyini gördüm. Buna görə qapıçını dəyişdim. Ancaq alınmadı, məğlub olduq".
- Rəqibdən bu cür oyun gözləyirdiz?
- Rəqibi analiz etmişdik. Necə futbol oynadıqlarını bilirdik. Məncə, oyun bərabər səviyyədə keçdi. Sonda penaltilərdə uduzduq.
- Almaniya ilə oyunda matça sonradan daxil olan Brahim Diaz komandaya qələbə qazandırdı. Bu oyunda da bu cür taktiki gedişlər etmək mümkün deyildi?
- Təkcə Almaniya ilə oyunda yox, ondan öncəki matçlarda da etdiyim dəyişikliklər sayəsində qələbə qazanmışdıq. Ancaq bu gün etdiyim dəyişikliklər fayda etmədi.
- Adətən birinci penaltini kapitanlar yerinə yetirir. Ancaq bu gün tərsinə oldu. Bu, sizin göstərişiniz idi?
- Penaltilərdən öncə futbolçunun özüylə danışdım. O özü sonuncu vurmaq istədiyini dedi. Yəni bu, ani qəbul edilmiş qərar idi. Öncədən planlaşdırmamışdıq.
- Almaniya ilə oyundakı ssenarini təkrarlamağa nə mane oldu?
- Komandanın fəlsəfəsi nədisə, ona uyğun oynamalıdı. Bu matçda İvan Martinin yeri görünürdü. Portuqaliya bu gün yaxşı təsir bağışladı. Qələbəyə görə onları təbrik edirəm.
- Komandanın gələcəyini necə görürsüz?
- Futbolçular hamısı istedadlıdı. Oyundan sonra futbolçularla danışdım və onlara təşəkkür etdim. Onlara bildirdim ki, gələcəkləri öz əllərindədi. İnkişaf etmək üçün öz üzərlərində çalışmalıdılar.
Fanat.az