Finlandiyanın Helsinki şəhərində Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, görüşdə gimnastika dünyasında alınmış vacib qərarlarla yanaşı, 2016-cı ildə Dünya Kuboku mərhələsi yarışlarının keçiriləcəyi məkanlar təsdiqlənib.
Azərbaycan Gimnastika Federasiyasının Bakıda 3 Dünya Kuboku yarışlarının keçirilməsi ilə bağlı irəli sürdüyü namizədlik təsdiqlənib və Prezident Komissiyasının üzvləri bu yarışların təşkilini ölkəmizə həvalə edib.
Beləliklə, Bakı, idman gimnastikası üzrə "Challenge Cup" seriyasından olan Dünya Kubokunun nümayəndə heyətlərini 2016-cı ilin 19-21 fevral tarixlərində qəbul edəcək. İdman gimnastikasının ardınca, 5-6 mart tarixlərində dünyanın tanınmış batutçuları Bakıda təşkil olunacaq Dünya Kuboku yarışında mübarizə aparacaqlar.
Qeyd edək ki, Bakı 2016-cı ildə sözügedən bu iki gimnastika növü üzrə Dünya Kuboku yarışlarını qəbul edəcək ilk şəhər olacaq. Bədii gimnastika üzrə Dünya Kuboku mərhələsi isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində, daha dəqiq desək 22-24 iyul tarixlərində baş tutacaq.
Artıq 2003, 2004 və 2005-ci illərdə ölkəmizdə təşkil olunmuş bədii gimnastika üzrə Dünya Kuboku mərhələlərindən fərqli olaraq, idman və batut gimnastikası üzrə bu növ yarışlar ölkəmizdə ilk dəfə olaraq təşkil olunacaq.
Fanat.az