Bakı "İnter"ində böyük islahat: 30 nəfər getdi

Bakı "İnter"ində böyük islahat: 30 nəfər getdi
Bakı "İnter"ində islahatlar davam edir. Fanat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, uzun müddət "İnter"də çalışan və son dönəmlərdə menecer funksiyalarını yerinə yetirən Aleksey Barvinski klubdan ayrılıb.
Səbəb isə Aleksey Barvinskinin idmandan kənar yeni layihəsinin olmasıdı. Yəni tərəflər arasında narazılıq olmayıb və qarşılıqlı şəkildə ayrılıq baş tutub.
"İnter"in prezidenti Rəşad Qasımov xəbəri təsdiqləyib: "İnter"də onsuz da kadr dəyişiklikləri gedirdi. O da bizə yeni layihəsinin olduğunu və klubdan ayrılmaq istədiyini söylədi. Beləcə onunla fikirlərimiz üst-üstə düşdü".
Bəs onun yerinə menecer vəzifəsinə kim gətiriləcək? Rəşad bəy bu suala belə cavab verib: "İnter"də menecer vəzifəsinə yeni əməkdaş cəlb olunmayacaq. Onun gördüyü işləri klubumuzun əməkdaşlarından birinə həvalə edəcəyik. Hələ bunu müəyyənləşdirməmişik. Bunu klubdaxili toplantıda müəyyən edəcəyik".
Yeri gəlmişkən, kluba yeni rəhbərlik gəldikdən sonra ştatda say 200-dən 170-ə endirilib. Klubun meneceri Aleksey Barvinski ilə birgə baş menecer Fərəc Əliyev və metodiki-analitika qrupunun rəhbəri Ağakişi Mehdizadə komandadan ayrılıb. Onlar dünən klubun prezidenti Rəşad Qasımovla görüşərək getmək istədiklərini açıqlayıblar.
Hər 3 şəxsin bir yerdə yeni layihəyə başlayacağı gözlənilir. Onu da bildirək ki, "Farik" ləqəbli Fərəc Əliyev 2-ci dəfədi ki, "İnter"dən ayrılır. O əvvəl "İnter"in sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin acığına tuş gəldiyindən, klubdan yola salınmışdı. Kaxa komandadan getdikdən sonra isə əvvəlki işinə qayıtmışdı. 
"Bobo" ləqəbli Ağakişi Mehdizadə isə Gürcüstan millisində Kaxanın köməkçilərindən idi. O, məşqçi olmaq üçün AFFA-nın keçirdiyi C kateqoriyalı kurslarda iştirak edir.
Komandadan ayrılan daha 1 nəfər isə ukraynalı Valentin Xodukinin yola salınmasından sonra "İnter"in Uşaq-Gənclər Mərkəzinə (UGM) təyin olunmuş Qırğızıstan doğumlu alman Peter Noyştedterdi. Rusiya millisinin futbolçusu, "Fənərbaxça" ilə anlaşan Roman Noyştedterin atasının "İnter"də daha görünməyəcəyini əminliklə söyləmək olar.
Düzdü, bu sözü "İnter"in prezidenti Rəşad Qasımovun dilindən eşidə bilmədik. Onun cavabı belə oldu: "Onunla dekabrda 6 aylıq müqavilə bağlamışdıq. Hazırda Peter Almaniyadadı. Onunla hələ ki, yeni müqavilə bağlamamışıq".
Noyştedter Azərbaycana necə gətirilmişdi?
Əslində Peter Noyştedter 2013-cü ilin dekabrın 18-də AFFA İcraiyyə Komitəsinin iclasında Premyer Liqa klubları üçün əcnəbi idman direktorlarının təyin olunması ilə bağlı çıxarılan qərara əsasən Bakıya gəlmişdi. AFFA-nın baş katibi Elxan Məmmədova bu qurumun alman texniki direktoru Bernhard Lippert tövsiyə etmişdi. 2014-cü ilin aprelində bu şəxs AFFA ilə 2 illik müqavilə bağlamış və "Rəvan" klubuna idman direktoru təyin olunmuşdu. Lakin müqaviləyə əsasən maaş klub yox, AFFA tərəfindən verilməli idi. 
Həmin vaxt Noyştedter "Rəvan" Akademiyasının direktoru Bəhmən Həsənovla yola getmirdi. Üstəlik, "Rəvan" AFFA-nın uşaq futbolu üçün ayırdığı 30 min manatı əsas komanda üçün xərclədiyindən, Noyştedter bu barədə AFFA-nı məlumatlandırmışdı. Elxan Məmmədov mətbuatda "Rəvan"ın bu addımını pisləyərkən, bu, Bakı klubunun rəhbərliyinin xoşuna gəlməmişdi. Hadisələrin davamı olaraq 2015-ci ilin fevralında "Rəvan" AFFA-nın acığına gedərək Noyştedterlə əməkdaşlığa son qoymuşdu.
Ötən ilin aprelində Elxan Məmmədovun təşəbbüsü olan "əcnəbi idman direktorları" layihəsi uğursuzluqla nəticələndiyindən, alman və holland mütəxəssislərlə olan bütün müqavilələrə vaxtından erkən (1 il tez) qarşılıqlı şəkildə xitam verildi. Daha doğrusu, 1 nəfərinkindən başqa. Bu da Peter Noyştedter idi. O AFFA ilə daha 1 il müqaviləsi qaldığından, təzminat istəyirdi.
Əldə etdiyimiz məlumata görə, tərəflər belə razılığa gəlib. İlk 6 ay ərzində Noyştedter heç harda işləmədiyi halda ayda 8 min dolları cibinə qatdalayıb qoyub. Müqavilə şərtlərindəki "Hyunday" markalı avtomobil, Bakıda mənzil kirayəsi və mobil telefon xərclərini də nəzərə alsaq, bu pul ayda 10 min dollar edir. Sonrakı 6 ay ərzində isə AFFA Noyştedteri əvvəlki rəhbərlikdən fərqli olaraq, indiki ilə münasibətləri yaxşı olan "İnter"ə calayıb. Valentin Xodukinin də Noyştedterin gətirilməsi üçün yola salındığını ehtimal etmək olar. Rəşad Qasımov da martda verdiyi müsahibəsində "AFFA-nın məsləhətini nəzərə aldıq" sözlərindən yararlanıb. 
Düzdür, "İnter"də o bu qədər pul almayıb. Lakin ehtimal etmək olar ki, alman mütəxəssis dekabrdan bu yana müqaviləsində nəzərdə tutulan pulu həm AFFA, həm də "İnter"dən alırmış. Bu üzdən müqaviləsi başa çatan "idman direktorları" adlı uğursuz layihədən sonuncu əcnəbinin gedişi həm AFFA-da, həm də "İnter"də toy-bayramla qarşılanıb... 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər