UEFA İcraiyyə Komitəsi AVRO-2020-yə ev sahibliyi edəcək şəhərləri müəyyənləşdirib. Fanat.az xəbər verir ki, 6 il sonra baş tutacaq yarışın oyunları 13 şəhərdə keçiriləcək.
Bu barədə qərar UEFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında verilib. İsveçrənin Cenevrə şəhərindəki “Espace Hippomene” Sərgi Mərkəzində keçirilən iclasda yarışın oyunlarına Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.
Bunlardan 4-ü - Bakı, Münhen, Roma və Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək. Digər 8 şəhərdə isə 1/8 final qarşılaşmaları baş tutacaq. Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə AVRO-2020-nin qrup mərhələsinin üç, "pley-off"un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
Böyük Britaniyanın paytaxtı London isə yarımfinal qarşılaşmalarını və final matçını təşkil edəcək. Həlledici qarşılaşma “Uembli” stadionunda keçiriləcək. Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə arzusuna qovuşmayıb.
AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək. Turnirin 60 illiyi ilə əlaqədar 13 ölkəni əhatə edəcək yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.
İngiltərə/London – 1/2 finallar və final
Azərbaycan/Bakı – 3 qrup oyunu, 1 1/4 final oyunu
Almaniya/Münhen – 3 qrup oyunu, 1 1/4 final oyunu
İtaliya/Roma – 3 qrup oyunu, 1 1/4 final oyunu
Rusiya/Sankt-Peterburq – 3 qrup oyunu, 1 1/4 final oyunu
Belçika/Brüssel - 3 qrup oyunu, 1 1/8 final oyunu
Danimarka/Kopenhagen - 3 qrup oyunu, 1 1/8 final oyunu
Macarıstan/Budapeşt - 3 qrup oyunu, 1 1/8 final oyunu
Hollandiya/Amsterdam - 3 qrup oyunu, 1 1/8 final oyunu
İrlandiya/Dublin - 3 qrup oyunu, 1 1/8 final oyunu
Rumıniya/Buxarest - 3 qrup oyunu, 1 1/8 final oyunu
Şotlandiya/Qlazqo - 3 qrup oyunu, 1 1/8 final oyunu
İspaniya/Bilbao - 3 qrup oyunu, 1 1/8 final oyunu
Qeyd edək ki, Bakı AVRO-2020-nin final mərhələsinə kimi 2015-ci ildə ilk Avropa Oyunlarını, 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatını və Şahmat Olimpiadasını və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını da keçirmək hüququ qazanıb.
Fanat.az