“Bakı-2015” I Avropa Oyunlarında Azərbaycanı təmsil edən idmançılar ölkəyə 21 qızıl, 15 gümüş, 20 bürünc olmaqla ümumilikdə 56 medal qazandırdı. Yarışlarda qızıl medal qazanan idmançılara isə prezident tərəfindən 100 min, Milli Olimpiya Komitəsi isə 50 min manat pul mükafatı verildi.
Bir neçə gün əvvəl isə taekvondo üzrə 68 kiloqram çəkidə qızıl medal qazanan Ayxan Tağızadə 61 min manata aldığı yeni “Dodge” markalı maşını ilə gündəmə gəlib. Maraqlıdı, bəs digər idmançılar mükafatlarını necə xərcləməyi planlaşdırır?

Avropa Oyunlarında 71 kq çıki dərəcəsəində yunan-Roma güləşi üzrə qızıl medal qazanan Rəsul Çunayev açıqlamasında bildirib ki, ona verilən pul mükafatını hələ xərcləmək fikri yoxdu: “Avropa Oyunları bitəndən sonra hələ də məşqlərimi davam etdirirəm. Sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşıram. Orada qalib gəlsəm, dincələcəm və qazandığım pulu ondan sonra xərcləyəcəm. Hələ ki, planım o pulları karyeram üçün xərcləməkdi. İlk növbədə isə çalışacağam ki, imkanı olmayanlara kömək edim”.

69 kq çəki dərəcəsində keçirilən boks yarışlarında qalib olan Pərviz Bağırov gələcəkdə maşın almağı planlaşdırdığını bildirib: “Hələ heç dincələ də bilməmişəm, yalnız qohum-əqrəba ilə görüşürəm. Pul mükafatıma gəlincə isə indi yox, gələcəkdə maşın almaq istəyirəm. İndi alsam, başım qarışacaq. Bunu da istəmirəm. Ona görə də əsas fikrimi karyerama yönəltmək istəyirəm”.

Qızıl medal qazanan karateçi Ayxan Mamayevin (84 kq) planı isə ev almaqdı: “Hələ ki, dəqiq planım yoxdu, amma ilk növbədə ev almaq istəyirəm. Maşın arzum da var, qismət olarsa, gələcəkdə onu da alaram”.

Karate üzrə 4 qat dünya, 10 qat Avropa çempionu olan Rafael Ağayev Avropa Oyunlarının qalibi kimi aldığı pul mükafatını ailəsinə verib: “Maşın və s. almaq planım yoxdu. Maşallah, maşın da, ev də var. Pulu ailəmə vermişəm, onlar necə məsləhət bilsə, elə də xərclənəcək. Hələ ki, yenidən məşqlərə başlamışıq, Ramazan ayından sonra alınsa, bir həftəlik istirahətə gedəcəm”.//virtualaz.org
Fanat.az