Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov hərbi xidmətə yollanıb. Fanat.Az xəbər verir ki, 24 yaşlı idmançı Qazaxıstan ordusunda xidmət edir. O, hərbi qulluqda olsa da, məşqlərini davam etdirəcək.
"Rio-2016"nın qalibi olan həmyerlimiz digər Olimpiya çempionu Dmitri Balandinlə birgə Astana şəhərindəki hərbi hissədə qulluq edir. Olimpiya çempionlarının hərbi xidmətə yollanması da Almatıda xüsusi təmtəraqla olub. Bura sadə azarkeşlərlə yanaşı, idman ictimaiyyətinin nümayəndələri də toplanıblar.
Millimizdən imtina edən Olimpiya çempionu Qazaxıstan ordusunun formasını geyinməsi ilə fəxr etdiyini bildirib: “Hər bir insan vətəninə xidmət etməlidir. Ordu hər bir kişinin keçməli olduğu məktəbdir. Mən hər bir zaman hərbi formanı geyinməyə hazıram və bununla qürur duyuram”.
Qeyd edək ki, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edən və bu ölkəni təmsil edən Nicat Rəhimov "Rio-2016"nın qalibidir.
Fanat.Az