Fransada keçirilən futbol üzrə Avropa çempionatı böyük həyəcanla davam edir. Futbol azarkeşlərinin bütün diqqəti bu çempionatına yönəlib. Publika.az tanınmış siyasət və sənət adamlarının çempionat və hansı komandaya azarkeşlik etmələri ilə bağlı fikirlərini öyrənib.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu il xeyli qalmaqallı keçən çempionatda Türkiyəni və Almaniyanı dəstəklədiyini deyib: “Çempionatı izləyirəm. İstəyərdim ki, Türkiyə qabaqcıl yerlərdən birini tutsun. Bir də Almaniyanı dəstəkləyirəm. Bu çempionatda xüsusi pərəstişkarlıq etdiyim futbolçu yoxdur. Çünki hələlik seçim etmək çətindir. Bir-iki oyundan sonra daha dəqiq bir şey demək olar”.
Deyəsən, qardaşlıq prinsipi idman müsabiqələrində də özünü göstərir. Milli Məclisin deputatı Siyavuş Novruzov da Türkiyəni dəstəklədiyini bildirib: “Türkiyəni dəstəkləyirəm. Amma hələlik heç bir nəticə yoxdur. Fransanın çempion olacağını düşünürəm”.
Əməkdar artist Tahir İmanov idman hadisələri ilə maraqlanmadığını etiraf edib: “Futbola marağım var. Ancaq çempionatı izləmirəm”.
Çempionatla bağlı suallara həvəslə cavab verən teleaparıcı Elgiz Əkbər vaxt azlığından şikayət edib: “İşlərim o qədər çoxdur ki, matçları izləməyə vaxtım olmur. Futbola marağım var. Uşaqlıqda futbol oynayırdım. Təəssüf ki, indi vaxt məhdudiyyəti imkan vermir. Ancaq “Günəbaxan” verilişində “Xəbərçi”yə bağlanırıq və idmanla bağlı informasiyaları öyrənirik. Beləliklə, mən də futbolla bağlı yeniliklərdən xəbərdar oluram”.
Klipmeyker Ülviyyə Könül təkcə İtaliya komandasını izlədiyini deyib: “Futbola marağım yoxdur, ancaq İtaliya komandasının qapıçısı Buffona heyranam. Ona görə də, İtaliya komandasının matçlarını izləyirəm. Lakin məni futbol pərəstişkarı hesab etmək olmaz”.
Almaniyanı dəstəkləyən şair Yafəs Türksəs matçları maraqla izlədiyini söyləyib: “Demək olar ki, bütün matçları izləyirəm. Almaniyanı dəstəkləyirəm. Ancaq kimin qalib gələcəyini bilmək olmaz. Futbol elə bir şeydir ki, vəziyyət hər an dəyişə bilər”.
Fanat.az