Kənan Hakimov, ANS
Daha bir olimpiadani geridə qoyduq. Rioya 56 nəfərlə yollanan idmançılarımız ölkəmizin aktivinə 18 medal yazdırdı ki, bunlardan da birinin əyarı qızıl, yeddisi gümüş, yerdə qalan 10-u isə bürüncdür.
Bu nəticə yerli idman ictimaiyyəti tərəfindən müxtəlif cür dəyərləndirildi. Bir çoxları kəmiyyət baxımından, idman tariximizdə ilk dəfə medalların sayında 18-ə çatmağımızı uğurlu nəticə sayırsa, cəmi bir qızıl medal qazanılması heç də hamını razı salmadı.
Üstəlik, Rio Olimpiadası öncəsi idmanın ağır atletika növündə yaşanan dopinq qalmaqalının nəticəsi kimi, ağır atletlərimizin dördilliyin zirvə yarışına buraxılmaması yekun nəticəyə təsirsiz ötüşmədi. Hər halda, son dünya və Avropa çempionu, öz çəkisində rəqib tanımayan Boyanka Kostovanın qızıl medal qazanacağı heç kimdə şübhə doğurmurdu. Lakin Beynəlxalq Ağır Atletika Federasiyasının və Antidopinq Agentliyinin yekun qərarı faktiki bizi planetin ən möhtəşəm idman yarışmasında qazanılacaq ikinci qızıl medaldan etdi. Əvəzində 2013-ci ildə ağır atletika üzrə milli komandamızın sabiq baş məşqçisi Zlaten Vanevin güdazına gedən Nicat Rəhimovun rekorda imza ataraq idmanın bu növündə fəxri kürsünün ən yüksək pilləsində yer alması idmansevərlərdə ikili hisslər oyatdı. Azərbaycanlı idmançının Rioda qızıl medal qazanması nə qədər qürurverici olsa da, onun bu uğura ölkəmizin yox, Qazaxıstanın bayrağı altında imza atması bir o qədər üzücü idi.
Bu siyahıya 200 metrəyə qaçışda yarımfinal mərhələsində dünyanın ən sürətli sprinteri Useyn Boltu geridə qoymaqla bir anda diqqət mərkəzinə düşən, hazırda qardaş Türkiyənin şərəfini qoruyan Ramil Quliyevi də aid etmək olar.
Rio Olimpiadası həm də ölkəmiz üçün ilklərlə yadda qaldı. İlk dəfə idmanın taekvondo növündə medalçılar sırasına düşməklə yanaşı, həm də Radik İsayevin sayəsində qızıla sevindik. Ümumiyyətlə, dayanq ustalarımız Braziliyaya cəmi dörd nəfərlə yollansa da, iki bürünc və bir qızıl medalla yadda qaldı.
Avarçəkənlərimiz də yaxşı mənada təəccübləndirməyi bacardı. İnna Osipenko Radomska və Valentin Demyanenko müvafiq olaraq, bürünc və gümüşlə ölkəmizin medal kolleksiyasını zənginləşdirdi.
İdmanın boks növündə isə ilk dəfə olimpiadada final həyəcanı yaşadıq. Lorenzo Sotomayor olimpiya çempionluğuna yaxın olsa da, həlledici görüşdə hakimlər tərəfindən haqsızlıqla üzləşdi. Kubalı milliləşdirilmiş legioner 3-cü raundda rəqibindən aşkar üstün olsa da, ədalət təmsilçiləri qələbəni özbəkistanlı rinq ustasına hədiyyə etdi. İdmanın boks növündə əsas medal ümidlərimizdən sayılan dünya çempionlarımız Cavid Çələbiyev və Elvin Məmişzadə isə onlara bəslənilən ümidləri doğrultmadı. Yeganə ikiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov isə 1/8 finalda qaşı zədələndiyindən döyüşü davam etdirə bilmədi. Açılış mərasimində üçrəngli bayrağımızı daşıyan Teymur Məmmədov da London olimpiadasından fərqli olaraq, bu dəfə fəxri kürsüdə yer almadı. Maraqlıdır ki, 2004-cü ildən bu yana olimpiya bayraqdarlarımız planetin ən möhtəşəm idman yarışmasında medal qazana bilmir. Əvəzində ən böyük uğuru Azərbaycan çempionluğu olan Kamran Şahsuvarlı heç kimin gözləmədiyi halda olimpiadanın yaımfinalına kimi irəlilədi və avtomatik olaraq, bürünc medala yiyələndi. Ümumilikdə isə boksçularımızın bəzi görüşlərdə fiziki cəhətdən çatdırmaması aşkar sezilirdi ki, burada da əsas məsuliyyət məşqçilər korpusunun üzərindədir.
Cüdoçularımıza gəlincə, federasiyada baş verən rəhbər dəyişikliyi tatami ustalarımızın çıxışına müsbət təsir göstərdi. Bunun bariz nümunəsi Rüstəm Orucov və Elmar Qasımovun Rioda qazandığı gümüş medallardır.
Ən çox medal isə öncədən də bəlli olduğu kimi, güləşçilərimizin hesabındadır. 18 medaldan tən yarısı, güləşçilərimizin payına düşür. Güləşdə toplam 9 medal qazansaq da, qızıla həsrət qaldıq. Halbuki, bu növdə 3 dəfə final həyəcanı yaşamağa müvəffəq olduq. Lakin nə Mariya Stadnik, nə Toğrul Əsgərov, nə də Xetaq Qazyumov həlledici görüşdə qələbə qazana bildi. Olimpiadanın debütantları Rəsul Çunayevlə Hacı Əliyev isə çəki dəyişikliyinə baxmayaraq, bürünc medalı boynundan asdı. Olimpiadanın ən böyük üzüntüsü isə Rövşən Bayramovla bağlı yaşandı. İkiqat olimpiya ikincisi bu dəfə fəxri kürsüdə yer almağı bacarmadı.
Güləşçilərimizlə yanaşı, idmanın bu növündə beynəlxalq dərəcəli referimiz olan Hicran Şərifov da olimpiadanın son günü diqqət mərkəzinə düşdü. Onun monqol və özbək idmançıları arasında idarə etdiyi üçüncü yer uğrunda görüş yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. Monqol idmançının görüşün bitməsinə üç saniyə qalmış mübarizə aparmaq əvəzinə, əllərini yuxarı qaldıraraq qələbəni erkən bayram etməsi və bunun məntiqi nəticəsi kimi, hakimimiz tərəfindən özbək güləşçiyə bir xal verilməsi monqolustanlı məşqçilərin etirazına səbəb oldu. Monqol məşqçilər xalça üzərinə çıxaraq, üst geyimlərini soyunmaqla, qərara etiraz etsələr də, bu yekun nəticəyə təsir göstərmədi.
Medal sıralamasına gəlincə, Azərbaycan 207 ölkə arasında 39-cu olmağı bacardı. Medal sayına görə Avropada 15-ci, MDB ölkələri arasında isə yalnız Rusiyadan geri qalırıq. Müqayisə üçün, 2012-də medal sıralamasında yerimizin 30-cu pillə olduğunu vurğulayaq. İstənilən halda, əldə olunan nəticələr gələcəyə nikbin baxmağa əsas verir. Nəzərə alsaq ki, dörd il sonra Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarının proqramında karate də yer alacaq, o zaman medal sayında yeni rekordun qeydə alınacağını indidən proqnozlaşdırmaq olar.
Qarşıda isə ölkəmizi daha bir mötəbər yarış gələn il paytaxt Bakının ev sahibliyi edəcəyi İslam Həmrəyliyi Oyunları gözləyir.